
Cavab: Bəzi şəxslər tərəfindən təbii qaz və elektrik energisindən istifadə qaydaları hələ də pozulur, qanunsuz olaraq elektrik və qaz xətlərinə qoşulma hallarına yol verilir. Bu sahədə baş verən neqativ halların qarşısının vaxtında alınması ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirilmiş, bu sahəni tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilmişdir. Enerji resurslаrındаn istifаdə zаmаnı bаş verə biləcəк qаnun pоzuntusunun qаrşısının аlınmаsı məqsədilə bu gün vətəndaşlara bir dаhа qаnunvericiliyin tələbləri, törədilmiş əməlin ictimаi təhlüкəliliyi və məsuliyyəti bаrədə məlumаt verməк istəyirik. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1-ci maddəsinə əsasən, təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə, dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda qeyd olunuan əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən yuxarıda qeyd olunan əməllərin qarşısının alınmaması üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən qeyd olunan əməllərin qarşısını almaması isə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cavab: Ölkə əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən etmək məqsədilə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” 01.12.2017-ci il tarixdə Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, tütün çəkilməsinə icazə verilməyən yerlər müəyyən edilmişdir. Bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Qanunvericiliyə əsasən qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə-otuz manat məbləğində cərimə edilir. Həmçinin hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-yüz manat məbləğində, dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-qırx manat məbləğində, vaqonlarda siqaret çəkməyə görə-əlli manat məbləğində, dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-qırx manat məbləğində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə isə qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə-vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər isə min manat məbləğində cərimə edilir. Qanunvericiliyin tələbinə əsasən yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və ya satış məqsədi olmadan verilməsi, habelə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır. Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir. Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məmulatını alıcıya satmaqdan imtina edir. Yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir. Tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə isə yüz manat məbləğində cərimə edilir.
Cavab: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. O, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və ya yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalrını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zamanı hadisələr baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur.
Cavab: Satış qiyməti, mal vahidinə (kəmiyyətinə) qoyulmuş son qiymət məzənnəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət kağızının arxa tərəfində isə maddi məsul şəxsin imzası (və ya təşkilatın möhürü) və onun doldurulma tarixi olmalıdır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə, səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Ölkə ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə isə min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə edilir.
Cavab: Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Burada “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür. Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.
Cavab: Bəli, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən, vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə, xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.
Cavab:-Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 1. Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 2. Övladlığa götürənlər və övladlığa götürülənlər; 3. İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 4. Ailə Məcəlləsinə əsasən tibbi müayinədən keçməyən şəxslər- (tibbi müayinə)-Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Həmin arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsinin rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir və dərhal elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 5. İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Cavab: Bəli, siz İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən yəni Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- yüz manat məbləğində cərimə ediləcəksiniz.
Cavab: 1. İctimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir. 2. Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. 3. Xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növləri yalnız əlavə cəza kimi tətbiq edilir.
Cavab: Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
Cavab: Media haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Kütləvi informasiya dedikdə – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlar başa düşülür.
Cavab-1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
Cavab: Əmək müqaviləsi yazılı formada bağlanır. - Tərəflərin razılığı ilə əmək müqaviləsi Əmək Məcəlləsinə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. - Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
Cavab- Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verilir.
Cavab-Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1.)1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2.) 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3.) 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Həbs qətimkan tədbiri qismində Azərbaycan Respublikası cinayət-prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasıdır.
Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.
Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Seçki Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Milli Məclisə seçkilərin, Prezident seçkilərinin, bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ — aktiv seçki hüququ vardır. Seçki Məcəlləsinin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər. Seçıi Məcəlləsinin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər (o şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun).
Bəli. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
Cavab-Ailə Məcəlləsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Lakin bəzi hallarda valideynlərin aliment öhdəliklərinə xitam verilir. Aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilən hallar aşağıdakılardır: - uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; - aliment ödənilən uşaq övladlığa götürüldükdə; - aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; - aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; - əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda
: Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Göstərilən xüsusatlarla bağlı şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 159-cu maddəsinə görə vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olmağa görə - min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olmağa görə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə mane olmağa görə isə - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir.
Səsvermə günü təyyarələrdə və hava limanlarında, qatarlarda və dəmiryolu vağzallarında, ekspedisiyalarda olan vətəndaşlar həmin vaxt səsvermədə iştirak etmirlər. Səsvermə günü üzən gəmilərdə Seçki Məcəlləsinin 35.4-cü maddəsinə uyğun olaraq məntəqə seçki komissiyası yaradılmayıbsa, həmin gəmidə olan vətəndaşlar səsvermədə iştirak etmirlər. Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında səsvermə günü Seçki Məcəlləsinin 35.4-cü maddəsinə uyğun olaraq məntəqə seçki komissiyası yaradılmayıbsa, həmin platformada olan vətəndaşlar səsvermədə iştirak etmirlər. Səsvermə günü xarici dövlətdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsul idarəsi mövcud deyilsə və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsul idarəsində Seçki Məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq seçki məntəqəsi yaradılmayıbsa, həmin xarici dövlətdə olan Azərbaycan Respublikasının vətəndaşları səsvermədə iştirak etmirlər. Səsvermə günü xarici dövlətlərdə olan Azərbaycan Respublikasının vətəndaşları üçün Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir. Səsvermə günü üzən gəmilərdə, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft platformalarında Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir.
Məntəqə seçki komissiyası bütün seçicilərə, o cümlədən səhhətinə görə səsvermə otağına gələ bilməyən seçicilərə səsvermədə iştirak etmək imkanı yaratmalıdır. Bu məqsədlə seçki məntəqəsində bir daşınan seçki qutusu olmalıdır. Seçicilərin səsvermə otağından kənarda səs vermək haqqında müraciətlərinin sayı səsvermə gününə azı 12 saat qalmış dairə seçki komissiyası tərəfindən təsdiq olunur. Seçicinin səsvermə otağından kənarda səs vermək istəyi məntəqə seçki komissiyasının hər biri müxtəlif siyasi partiyaları təmsil edən və ya bitərəfləri və siyasi partiyanı təmsil edən azı 2 üzvü müşahidəçilərin iştirakı ilə onun yanına gəldikdə seçici tərəfindən məntəqə seçki komissiyasına göndərilən yazılı ərizədə bir daha təsdiq olunmalıdır. Seçici səsvermə otağından kənarda səs vermək istəyini yazılı surətdə bildirməyibsə, o, məntəqə seçki komissiyası üzvlərinin yanında ərizə yazmalıdır. Seçici seçki bülleteni aldığını ərizəsində qeyd edir və imzası ilə təsdiqləyir. Seçiciyə bülleteni verən şəxs seçicinin seçici vəsiqəsinə səsvermə gününün tarixini əks etdirən xüsusi möhür (ştamp) vurur. Bu zaman ərizədə şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi qeyd olunmalıdır. Ərizədə seçici haqqında seçicilər siyahısındakı məlumatlar göstərilməlidir
Səsvermənin keçirilməsi və səslərin hesablanması məqsədi ilə bələdiyyə qurumlarının ərazilərində qeydə alınmış seçicilərin sayı nəzərə alınmaqla hər beş ildən bir seçki məntəqələri yaradılır. Seçki məntəqələri müvafiq dairə komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır. Seçki məntəqələri bilavasitə seçkilərdən əvvəl yaradılırsa, onlar səsvermə gününə ən azı 50 gün qalmış yaradılmalıdır. Seçki məntəqəsinin yaradılması haqqında dairə seçki komissiyasının qərarında məntəqənin hüdudları (seçki məntəqəsi yaşayış məntəqəsinin bir hissəsini əhatə etdikdə evlərin nömrələri nəzərə alınmaqla küçələrin adları) dəqiq göstərilməlidir.
Əgər ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyildirsə nikahın məhkəmə qaydasında xitamı həyata keçirilir. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.
İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. İslah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya dörd gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. İslah işləri orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və hərbi qulluqçulara təyin edilmir.
Qətimkan tədbirləri müvafiq olaraq təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qərarına əsasən seçilir. Qətimkan tədbirinin seçilməsi barədə qərarda şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və müvafiq qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğuna dəlalət edən ilkin sübutlar göstərilməlidir. Həbs və vəzifədən kənarlaşdırma müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən seçilə bilər. Ev dustaqlığı məhkəmənin öz təşəbbüsü, müdafiə tərəfinin vəsatəti, habelə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən seçilir. Girov yalnız müdafiə tərəfinin vəsatəti ilə məhkəmə tərəfindən seçilir. Cinayət prosesini həyata keçirən orqan qətimkan tədbirinin seçilməsi barədə qərarı şübhəli və ya təqsirləndirilən şəxsə (axtarışda olan şəxs istisna edilməklə) dərhal elan edir və qərarın surətini ona təqdim edir. Cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur.
Ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Ev dustaqlığı məhkəmə tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə seçilə bilər. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər. Ev dustaqlığı qətimkan tədbiri Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə tətbiq edilmir. Tibbi göstəricilərə görə təqsirləndirilən şəxs tibb müəssisəsinə stasionar müalicəyə yerləşdirildikdə ev dustaqlığı qətimkan tədbiri məhkəmə tərəfindən ləğv edilənə və ya dəyişdirilənədək bu qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələr qüvvəsində qalır. Bu halda ev dustaqlığı qətimkan tədbirinin icrası yeri müvafiq tibb müəssisəsi hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsin həbsdən azad edilməsi məsələsini həll edərkən ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi və ya bundan imtina edilməsi barədə məhkəmənin qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi və ya ləğv edilməsi, o cümlədən əlavə vəzifələrin müəyyən edilməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı və ya müdafiə tərəfinin vəsatəti əsasında, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və ya tərəflərin vəsatəti əsasında yalnız məhkəmənin qərarı ilə həyata keçirilir. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs həmin qətimkan tədbirinin şərtlərini pozduğu və CPM-nin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda onun barəsində həbs qətimkan tədbiri seçilir.
Girov qismində qətimkan tədbiri böyük ictimai təhlükə törətməyən və ya az ağır, habelə ictimai təhlükəliliyi yalnız maddi ziyanla bağlı olan və ya ehtiyatsızlıq üzündən ağır cinayətləri törətməkdə ittiham olunan şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında qalmasını təmin etmək məqsədi ilə məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini (sənədli qiymətli kağız) və ya digər qiymətli əşyaları dövlət bankında məhkəmənin depozitinə qoymaqdan ibarətdir. Məhkəmənin qərarı ilə girov qismində daşınmaz əmlak da qəbul edilə bilər. Girov qətimkan tədbiri məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti əsasında seçilə bilər. Girov qətimkan tədbirinin seçilməsi məsələsinə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər. Məhkəmə girov qətimkan tədbirinin seçilməsini mümkün hesab etdikdə, girovun məbləğini müəyyən edir. Girovun qoyulması həm təqsirləndirilən şəxsin әmlakı və vəsaiti, həm də onun yaxın qohumlarının və ya digər fiziki və hüquqi şəxslərin əmlakı və vəsaiti hesabına həyata keçirilə bilər. Girovun dəyərini sübut etmə vəzifəsi girov qoyanın üzərinə düşür. Cinayət -Prosessual Məcəlləsinin 155.1 və 155.2-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcuddursa, məhkəmə müvafiq motivlərə istinad edərək girov qətimkan tədbirinin tətbiq edilməsini qeyri-mümkün hesab edə bilər. Məhkəmə girovun məbləğini həddən artıq yüksək təyin etməməli, lakin onun məbləği aşağıdakılardan az olmamalıdır: -böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə verilmiş ittiham üzrə — beş min manat miqdarından; -az ağır və ya ictimai təhlükəliliyi yalnız maddi ziyanla bağlı olan və yaxud ehtiyatsızlıq üzündən ağır cinayət törədilməsinə görə verilmiş ittiham üzrə — on min manat miqdarından. Girovun məbləği cinayət nəticəsində vurulmuş ziyandan və ya onun ödənilməmiş hissəsindən artıq olmalıdır. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında girovun qətimkan tədbiri qismində tətbiq olunması məsələsini həll edərkən girovun qətimkan tədbiri qismində tətbiq olunması və ya bundan imtina edilməsi barədə qərar qəbul edir. Həmin qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini girovla əvəz etdikdə, girovun müəyyən edilmiş məbləği dövlət bankında məhkəmənin depozitinə köçürülməyənədək təqsirləndirilən şəxs həbsdə saxlanılır. Cinayət prosesini həyata keçirən orqan girovun qoyulduğunu təsdiq edən sübut əldə etdikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra təqsirləndirilən şəxsin dərhal həbsdən azad edilməsi barədə həbs yerinin rəisinə məlumat verir.
Məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının məcburi təmin edilməsindən ibarətdir. Məcburi gətirilmə cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxsə yalnız aşağıdakı hallarda tətbiq edilə bilər: 1. cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzürlü səbəb olmadan gəlmədikdə; 2. cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda; 3. cinayət prosesini həyata keçirən orqandan gizləndikdə; 4. daimi yaşayış yeri olmadıqda. - 14 yaşınadək olan şəxslərin, hamilə qadınların, ağır xəstələrin, habelə xüsusi ittihamçının məcburi gətirilməsinə yol verilmir. - Məcburi gətirilmə cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı və ya cinayət prosesi iştirakçılarının vəsatəti ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. - Məcburi gətirilmə barədə qərar təhqiqat orqanı və ya qanunla üzərinə bu vəzifə qoyulmuş digər orqan tərəfindən icra olunur.
Məlum olduğu kimi 2024-cü il iyulun 1-dən etibarən Rəqabət Məcəlləsi qüvvəyə minir və Məcəllə qüvvəyə mindiyi gündən “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanunları ləğv edilir. Rəqabət Məcəlləsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradacaq.
Məhkəmə-tibb ekspertizasının keçirilməsi tələb edilmədiyi halda şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidin bədənində cinayətin izlərini və ya xüsusi əlamətləri aşkar etmək məqsədi ilə müstəntiq onların şəxsi müayinəsini apara bilər. Şəxsi müayinə aparılması haqqında məhkəmənin və ya müstəntiqin qərarı, barəsində qərar çıxarılmış şəxs üçün məcburidir. Şəxsin tutulması və ya həbs edilməsi halları istisna olmaqla insanın iradəsinə zidd onun şəxsi müayinəsi yalnız məhkəmənin qərarı əsasında aparılır. Təqsirləndirilən və ya şübhəli şəxs üzərində şəxsi müayinənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Zəruri hallarda şəxsi müayinə həkimin və ya məhkəmə təbabəti sahəsində mütəxəssisin iştirakı ilə və ya qanunla müəyyən edilmiş hallarda həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən aparılır. Barəsində şəxsi müayinə aparılan şəxsin soyundurulması ilə müşayiət edilən şəxsi müayinə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. Əks cinsdən olan şəxsin soyundurulması zərurəti yarandığı halda müstəntiq, təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi həmin istintaq hərəkətinin aparılmasında iştirak edə bilməz. Bu halda müstəntiqin tapşırığı ilə şəxsi müayinə həkimin və ya məhkəmə təbabəti sahəsində mütəxəssisin iştirakı ilə aparılır. Şəxsi müayinə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətinin protokolunu tərtib edir və protokolda müşahidə edilmə ardıcıllığı ilə şəxsi müayinə zamanı bütün aşkar olunanlar göstərilir. Şəxsi müayinə protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanır.
Boşanmaq fikirləşdiyimiz kimi asan proses deyil. Qanunvericilik nikahın pozulması zamanı bir sıra məhdudiyyətlər qoyur. Belə ki, arvadın hamiləliyi dövründə o cümlədən uşağın doğulmasından sonra bir il müddətində arvadın razılığı olmadıqda ər nikahın pozulması barədə iddia qaldıra bilməz. Bu hal nikahın məhkəmə qaydasında və VVADQ şöbələrində nikaha xitam verilməsi qaydalarına da aiddir. Uşağın doğulmasından bir il keçdikdən sonra bu müddəa öz qüvvəsini itirir və əvvəlki işin icraatına xitam verilməsindən asılı olmayaraq ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilər. Onu da qeyd edək ki, qanunvericilik ölü doğulmuş uşağı və ya doğulduqdan sonra bir il müddətə yaşamayan uşaqların istisnasını müəyyən etməmişdir. Bir sözlə bu hallar da ərin nikahın pozulmasını tələb etmək hüququnu məhdudlaşdırır. Ailə Məcəlləsinin 15-ci maddəsinin tələbinin uşağın 1 yaşına çatanadək ölməsi halına şamil olunub-olunmaması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunun bu norması imperativ xarakter daşımaqla birmənalı şəkildə müəyyən etmişdir ki, arvadın razılığı olmadan ər uşağın doğulmasından sonra 1 il müddətində nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Qanunun müəyyən etdiyi 1 il müddətində məhdudiyyət uşağın bir neçə aydan sonra ölməsi faktı ilə əlaqələndirilmir və onun ölümü də 1 illik müddəti aradan qaldırmır. Bu baxımdan, Ailə Məcəlləsinin 15-ci maddəsində nəzərdə tutulan 1 illik məhdudiyyət uşağın ölü doğulduğu və ya bir yaşına çatanadək öldüyü halları da ehtiva edir. Göstərilən maddənin mənasına görə ərin arvadın razılığı olmadan nikahın pozulması barədə iddia qaldırmaq hüququ, uşağın ölü doğulması və ya bir yaşına çatanadək ölməsi hallarında da, yalnız uşağın doğulduğu gündən 1 illik müddət tamam olduqdan sonra yaranır.
İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir.
Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.
Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verilən qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilər.
Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: 1. cərimə; 2. ictimai işlər; 3. islah işləri; 4. azadlığın məhdudlaşdırılması; 5. müəyyən müddətə azadlıqdan məhrum etmə. - Cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. - İctimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz. Yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur. Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir.
Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən aşağıdakı şəxslər arasında nikah bağlana bilməz: o Yaxın qohumlar arasında (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); o Övladlığa götürənlər və övladlığa götürülənlər; o İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; o Tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; o İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə 2 (iki) ay həddində, az ağır cinayət törədilməsinə görə 3 (üç) ay həddində, ağır və xüsusilə ağır cinayət törədilməsinə görə isə 4 (dörd) ay . Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 2. ev dustaqlığında saxlanıldığı müddət; 3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən Mülki Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Mülki Məcəllənin 492-ci madəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur.
Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçirilir. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Həmin arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsinin rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir və dərhal elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və Ailə Məcəlləsinin 13.2-ci maddəsinə uyğun olaraq, tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir. Nikaha daxil olmaq barədə ərizə təqdim edilən zaman nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı elektron informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
1.) İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 2.)İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur.
İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab edilir: 1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı; 2. inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi; 3. inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi; 4. inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi; 5. inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin İnzibati Xətalar Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi; 6. inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi; 7. törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi. İnzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz.
Qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində göstərilən (4.0.1. yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), ərin və arvadın yaxın qohumlarına, habelə birgə yaşadığı hallarda digər qohumlara; 4.0.2. nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada; 4.0.3. qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərə; 4.0.4. qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan qohumlarına.) şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.
Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər.Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir. Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir. Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. Yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir. Vətəndaşın müraciətində göstərilən məsələlər “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Vətəndaşların müraciətləri haqqında Qanunla müəyyən edilmiş qadağaya görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur.
Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. İcraatında olan işlər üzrə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
Dövlət orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə, bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla,Vətəndaşların müraciətləri haqqında Qanuna müvafiq olaraq baxılır. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz. Dövlət orqanının rəhbəri xidməti araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir: 1.müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə, müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə; 2. müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə; 3.müraciətin əsaslı olduğu təsdiq edilmədikdə şikayət üzrə icraata xitam verilməsi barədə. Müraciət etmiş şəxsə qəbul olunmuş qərar haqqında əsaslandırılmış cavab verilməklə həmin qərardan şikayət etmək hüququ izah olunur. Vətəndaşın dövlət orqanı rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət vermək hüququ vardır. Bu müddəa vətəndaşın dövlət orqanı rəhbərinin qərarından məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır. Dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə 20 iş günü müddətində baxılır.
Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Qanunla nəzərdə tutulan hallarda mülki, ailə, əmək və digər hüquq münasibətlərindən əmələ gələn və alınmış əmək haqqı və ya sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə sərəncam verməklə əlaqədar olan əqdlər üzrə öz hüquq, azadlıq və qanunla qorunan mənafelərini yetkinlik yaşına çatmayanlar məhkəmədə şəxsən özləri müdafiə edirlər.
Prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. İnzibati Xətalr Məcəlləsinin 158.4, 162-1, 184.4, 184.5, 184.8, 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə),284.2, 339.2-339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 531, 538-1.4 - 538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594-2, 595.2, 596, 601, 602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. Prokuror məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın.
Kollegial tərkibdə işlərin baxılması və həll edilməsi zamanı meydana çıxan bütün məsələlər hakimlər tərəfindən səs çoxluğu ilə həll edilir. Hər bir məsələ həll edilərkən hakimlərdən heç biri səsvermədə bitərəf qalmağa haqlı deyildir. Sədrlik edən axırıncı səs verir. Əksəriyyətin qəbul etdiyi qərar ilə razılaşmayan hakim həmin qərarı imza etməyə borcludur. O, öz rəyini yazılı şəkildə şərh edə bilər və rəy işə əlavə olunur, lakin məhkəmə iclasında elan edilmir. Hakimlər müşavirə və səsvermə zamanı, habelə qulluq vəzifələrinin icrası başa çatanadək müşavirənin və səsvermənin gizliliyini saxlamağa borcludur.
1. Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir. 2. Müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir. 3. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir. 4. İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçirilə bilər.
. Gecə vaxtı yerinə yetirilən işlərə yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir. 2. Əlilliyi olan işçilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər. 3. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar (Əmək Məcəlləsinin 242-ci maddəsi nəzərə alınmaqla), üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.
1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. 2. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər. 3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. 4. İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi Əmək Məcəlləsinin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.
1.İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 5. Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. 6. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. 7. İşəgötürənlər iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olunmuş Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb edirlər. 8. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.
1. Yaşı 18-dən az olan işçilərin bu maddə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır. 2. 16 yaşından 18 yaşadək olan işçilərin əmək funksiyasına yalnız aşağıdakı normalar həddində ümumi çəkisi olan ağır əşyaların əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər: a) kişilərin başqa işləri görməklə yanaşı eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması; b) qadınların başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 5 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması; c) bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması; ç) 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması. 3. 16 yaşadək qızlar yalnız onların razılığı ilə bu maddənin ikinci hissəsinin «a», «b» və «c» bəndlərində nəzərdə tutulan normaların müvafiq olaraq 1/3 hissəsi həddində ağırlığı olan əşyaların qaldırılması və daşınması işlərinə cəlb oluna bilərlər. 4. Yaşı 16-dan az olan qızların bütün iş günü ərzində müntəzəm olaraq yük qaldırma və daşınma işlərinə cəlb edilməsi qadağandır. 5. Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
1. Əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir. 2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 3. Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir: a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə; b) məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə; c) xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə; ç) təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə; d) elmi dərəcəsi olmayan elmi işçilərə; e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara. 4. Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir. 5. Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir. 6. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.
Aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər: 1.Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər; 2.xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər; 3.inzibati vəzifə tutan dövlət qulluqçuları; 4.dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər; 5.Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər; 6.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər; 7.yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər; 8. qurumların rəhbərləri və işçiləri, o cümlədən qurumlarda xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər; 9.qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarmı həyata keçirən şəxslər; 10.öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər; 11. vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər. Sadalananlardan 1- və 8-ci bənddəki şəxslər Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanunun məqsədi üçün vəzifəli şəxs hesab edilirlər.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər. Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının (bundan sonra – idarə, müəssisə və təşkilatların) rəhbəri həmin idarə, müəssisə və ya təşkilatlarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə (bundan sonra – səlahiyyətli struktur bölmə) müəyyən edir. İdarə, müəssisə və təşkilatlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verə bilərlər. Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qəbul etdikdən sonra qeydə almalı və məlumatın qeydə alınmasını məlumatı verən şəxsə bildirməlidir. Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındığı gündən 20 iş günü müddətində məlumatı araşdırmalı və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirməlidir. Araşdırma “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılması xüsusiyyətlərinə uyğun aparılır. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat səlahiyyətli struktur bölmə ilə əlaqədar olduqda, məlumatı verən şəxs həmin məlumatı müvafiq idarə, müəssisə və ya təşkilatın rəhbərinə təqdim etmək hüququna malikdir. İdarə, müəssisə və ya təşkilatın rəhbəri belə məlumatların qəbul edilməsini, qeydə alınmasını və Korrupsiyaya qarşı mübarizə haqqında Qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat idarə, müəssisə və ya təşkilatın rəhbəri ilə bağlı olduqda, məlumat verən şəxs həmin məlumatı idarə, müəssisə və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara təqdim etmək hüququna malikdir. Həmin orqanlar bu məlumatın qəbul edilməsini, qeydə alınmasını və Korrupsiyaya qarşı mübarizə haqqında Qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir və ya onların hissələri başa düşülür.
Yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. Toplanmış materialların həcminin böyüklüyünə və ya təqsirləndirilən şəxslərin sayının çoxluğuna görə işin məhkəmə baxışını gecikdirən və ya başqa formada çətinlik yaradan ittihamlar bir icraatda birləşdirilməməlidir. Aşağıdakılar bir icraatda birləşdirilə bilməz: 1. cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar üzrə; 2. cinayət təqibi bir əmələ görə xüsusi ittiham qaydasında, digəri ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən ittihamlar üzrə; 3. birgə baxılması obyektiv araşdırılmasına mane ola bilən digər bütün ittihamlar üzrə. Cinayət işi üzrə icraatın birləşdirilməsi müstəntiqin və ya prokurorun qərarı, xüsusi ittiham qaydasında icraat isə məhkəmənin qərarı əsasında həyata keçirilə bilər.
İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır.
Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır: 1. qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda: 2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; 3. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə. Residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 3. Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir.
İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən Cinayət Məcəlləsilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən Cinayət Məcəlləsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
Cinayət Məcəlləsi ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayət sosial-hüquqi hadisədir. Cinayətin ictimai aləmdə baş verməsi onun sosial hadisə olmasını ifadə edir. Cinayətin hüquqi hadisə olması cinayət hesab edilən əməlin cinayət qanunvericiliyində nəzərdə tutulması kimi başa düşülür. Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Əməl dedikdə, cinayət qanunvericiliyi ilə törədilməsi qadağan edilmiş hərəkət və ya hərəkətsizlik başa düşülür. Hərəkət – insanın iradəvi və fəal davranışıdır. Hərəkətsizlik – ayrı-ayrı hallara görə üzərinə müəyyən hərəkətləri etmək vəzifəsi düşən şəxsin həmin hərəkətlərin edilməməsindən ibarət iradəvi və passiv davranışıdır.
Vətəndaşlar seçkilərdə namizədin lehinə, referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə şəxsən səs verirlər. Arada heç bir mərhələ olmur və onların səsi həlledicidir. Bu prinsip dünyanın bir çox ölkələrində tətbiq edilir. Əksinə, yəni şəxsin seçilən şəxsə deyil, onu seçəcək şəxsə səs verməsi bir çox ölkələrdə dolayı seçki sisteminin əsasını təşkil edir. Bu sistemdə birbaşa seçki hüququ tətbiq edilmir. ABŞ-da vətəndaşlar birbaşa prezidentə səs vermirlər. Onlar ABŞ Prezidentini seçəcək şəxslərə (seçkililərə) səs verir, sonra da bu, şəxslər (seçkiçilər) prezidentliyə namizədlərə səs verir. Türkiyədə də prezident dolayı yolla seçilir. Onu birbaşa vətəndaşlar deyil, parlament seçir. Başqa şəxslərin yerinə səs vermək qadağandır. Başqalarının əvəzinə səs verən və ya bunun üçün şərait yaradan vətəndaşlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə cəlb olunurlar.
Seçki dövlət hakimiyyəti nümayəndələrinin, həmçinin ictimai təşkilatların rəhbər orqanlarının seçilməsi üsuludur. Seçkilər qanunda nəzərdə tutulan seçki reqlamentinə uyğun olaraq gizli və açıq keçirilir. Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxıb. Seçkilər cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur. Seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir. Seçki hüququ ölkənin Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı III fəslində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarma seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Seçki hüququ sahəsində yaranan münasibətlər Seçki Məcəlləsi ilə tənzimlənir. Vətəndaşlarm seçmək və seçilmək hüququ Azərbaycan Respublikasında dövlət işlərinin və ictimai işlərin idarə olunmasında onların iştirakı haqqında Konstitusiya ilə verilmiş hüquqlarıın ən mühüm hüquqi təminatıdır. Respublikanın vətəndaşları seçki qanunları ilə müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasmda sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçib-seçilirlər. Seçkilər günü 18 yaşı tamam olan və ya yaşı 18-dən çox olan bütün Azərbaycan Respublikası vətəndaşlarının seçmək hüququ vardır. 18 yaşına çatmış və fəaliyyət qabiliyyəti olan vətəndaşların hamısı seçki hüququna malikdirlər.
İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, İnzibati Xətalar Məcəlləsinin 89.2 – 89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz. Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır.
Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.
Seçicinin barmağının gözə görünməyən mürəkkəblə işarələnməsi Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbidir. Belə ki, Seçki Məcəlləsinin 104.6-cı maddəsinə əsasən seçiciyə seçki bülleteni vermədən öncə onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsi gözə görünməyən mürəkkəblə işarələnməlidir. Barmağının işarələnməsindən imtina edən seçiciyə seçki bülleteni verilmir və ondan seçki məntəqəsini tərk etməsi tələb olunur. Bu barədə seçici siyahısında "işarələnmədən imtina etdi" qeydi aparılır. Seçici razılaşarsa, seçicinin sol əlinin baş barmağı işarələnir.
Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Şikayət edən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə Seçki Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edir. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır.
Azərbaycan Respublikasının ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və ya fövqəladə vəziyyət zamanı, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində seçkilər və ya referendum keçirilə bilməz.
Hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələri qadağandır. Vətəndaşların seçkidə (referendumda) iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması, seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır. Anlaqsız vəziyyətdə və ya cinayət məsuliyyəti yaradan müəyyən yaş həddinə çatmamış cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs də Cinayət-Prosessual Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş əlavə və istisnalarla yanaşı, təqsirləndirilən şəxsin hüquqlarına malikdir və onun vəzifələrini daşıyır. Şəxsin barəsində cinayət təqibinə xitam verildiyi andan o, təqsirləndirilən şəxs vəziyyətindən çıxmış hesab olunur. Müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir. Şübhəli şəxs cinayət törətməkdə şübhəli bilinib, 48 saat ərzində şübhəli şəxs qismində saxlanıla bilər: “Bundan sonra şübhəli şəxsin törətdiyi əməl sübuta yetirilirsə, ona qarşı ittiham elan edilir. Yəni, istintaq orqanı tərəfindən sübuta yetirilir ki, bu şəxs hansısa cinayət əməlini törədib. Bundan sonra isə həmin şəxsin barəsində ya istintaq orqanın, ya da məhkəmənin qərarı ilə qətimkan tədbirlərindən biri seçilir.
Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin valideynlərinin, qəyyumlarının, himayәçilәrinin, yaxud onun saxlandığı qapalı uşaq müəssisəsi müdiriyyətinin üzərinə yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət etməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməsi və digər prosessual vəzifələri icra etməsi də daxil olan davranışını təmin etmə vəzifəsinin qoyulmasından ibarətdir. Yetkinlik yaşına çatmamış şəxsin nəzarət altına verilməsindən əvvəl təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə valideynlərin, qəyyumların, yaxud himayəçilərin şəxsiyyəti, onların yetkinlik yaşına çatmamış şəxsə qarşı münasibətləri barədə məlumat toplamalı, şübhəli və ya təqsirləndirilən şəxsi lazımi nəzarət altında saxlamalarını həyata keçirmək iqtidarında olduqlarını yəqin etməlidir. Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbirinin seçilməsinin mümkünlüyünü yəqin edən cinayət prosesini həyata keçirən orqan müvafiq qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarır. O, valideynləri, qəyyumları, himayəçiləri və ya uşaq müəssisəsinin nümayəndəsini həmin qərarla tanış edir və qərarın surətini onlara təqdim edir, habelə protokolda göstərilməklə onları şübhənin və ya ittihamın məzmunu ilə tanış, hüquq və vəzifələrini izah, məsuliyyət barədə xəbərdar edir. Valideynlər, qəyyumlar, himayəçilər yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifələrindən xəstəliyi, ailədə qarşılıqlı münasibətin pisləşməsi, bu şəxslərin lazımi davranışını təmin etmə imkanını istisna edən digər səbəblər üzündən azad olunmalarını xahiş etməyə haqlıdırlar. Nəzarəti həyata keçirməli olan şəxslər qarşısı alınmayan qüvvənin təsirini sübut etdikləri hallar istisna olmaqla, şübhəli və ya təqsirləndirilən şəxsin davranışına nəzarəti həyata keçirmək imkanından məhrum olunduqlarına istinad etməyə haqlı deyillər. Nəzarəti həyata keçirməli olan şəxslər xəbərdarlıq üçün haqqında nəzarət altına vermə qismində qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranmaması barədə cinayət prosesini həyata keçirən orqana məlumat verməlidirlər. Nəzarəti həyata keçirməli olan və bu vəzifələrini yerinə yetirməyən təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. Barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş şəxs 18 yaşına çatdıqda və nəzarəti həyata keçirməli olan şəxslər onu lazımi nəzarət altında saxlamaq vəzifəsini davam etdirmək iqtidarında olduqlarını bildirdikdə qətimkan tədbiri dəyişdirilmir.
Məlum olduğu kimi, cinayət qanuna görə ictiami təhlükəli və qeyri hüquqi olan hər hansı bir əməl törədən şəxsin təqsirinə görə cəza tətbiq edilir. Lakin bəzən şəxsin etdiyi əməl xarici görnüş etibarı ilə ictimai –təhlükəli və nəticə ilə səbəbli əlaqədə olsa da cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş bir sıra səbəblər mövcud olduqda həmin əməl cinayət sayılmır və cinayət məsuliyyəti aradan qalxır. Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Yaranmış təhlükədən qorunarkən belə təhlükənin aradan qaldırılması ilə bağlı ictimai –təhlükəli əməlin qarşısının alınması prosesində şəxsə, yaxud da şəxslərə fiziki, maddi və mənəvi xarakterli ziyan yetirilə bilər. Ziyan yetirilməklə mövcud təhlükəni aradan qaldıran hərəkət formal cəhətdən CM-nin Xüsusi hissəsində nəzərdə tutulan bu və ya başqa tərkibin əlamətlərinə uyğun gələ bilər. Lakin belə hərəkətlərə müəyyən şərtlər daxilində yol verildikdə, onun ictimaitəhlükəlilik əlaməti aradan qalxır və əməl cinayət sayılmır. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.
Görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan şahidin dindirilməsi onun işarələrini başa düşən və ya onunla işarələr vasitəsilə danışan şəxsin iştirakı ilə aparılır. Həmin şəxsin dindirilmədə iştirakı dindirmə protokolunda əks etdirilir. Şahidin ruhi və ya digər ağır xəstəlikdən əzab çəkdiyi halda onun dindirilməsi həkimin icazəsi və iştirakı ilə aparılır. Görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan və ya digər ağır xəstəlikdən əzab çəkən şahidin dindirilməsində onun qanuni nümayəndəsi və nümayəndəsi iştirak edə bilər.
Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
14 yaşdan 18 yaşadək olan zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh məhdud fəaliyyət qabiliyyətlidir. Həmin şəxslərin cinayət prosesinin iştirakçıları qismində öz hüquqlarını müstəqil həyata keçirmək imkanları CPM-də nəzərdə tutulmuş hallarda onların qanuni nümayəndələrinin razılığı ilə məhdudlaşdırılır. Yetkinlik yaşına çatmamış və ya 14 yaşına çatmış cinayət prosesi iştirakçısının cinayət-prosessual fəaliyyət qabiliyyətini cinayət prosesini həyata keçirən orqan müvafiq hüdudlarda tanıyır. Nümayəndəsi olmayan zərər çəkmiş şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə cinayət prosesində onun xüsusi ittihamçı qismində iştirakına xitam verilir, cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə isə cinayət təqibi üzrə icraat dayandırılır. Mülki cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə onun cinayət prosesində iştirakına xitam verilir, ona qarşı verilmiş iddia isə cinayət prosesi daxilində baxılmamış saxlanılır. Cinayət prosesinin məhdud fəaliyyət qabiliyyətli iştirakçısı qanuni nümayəndəsinin razılığı olmadan aşağıdakıları edə bilməz: 1. barəsində cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətin edilməsinə dair şikayətdən imtina etmək; 2. zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq; 3. ona qarşı verilmiş mülki iddianı qəbul etmək; 4. ona qarşı verilmiş mülki iddiadan imtina etmək; 5. öz qanuni mənafeyinin müdafiəsi üçün verilmiş şikayətdən imtina etmək.
Cinayət təqibi üçün əhəmiyyətli olan, təcrübə və digər tədqiqat hərəkətlərinin aparılması şərti ilə araşdırıla biləcək məlumatların yoxlanılması və dəqiqləşdirilməsi məqsədi ilə müstəntiq istintaq eksperimenti apara bilər. Təqsirləndirilən və ya şübhəli şəxsin iştirakı ilə aparılan istintaq eksperimentində, həmçinin onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi istintaq eksperimentinin aparılmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir. Müstəntiqin dəvəti ilə istintaq eksperimentinin aparılmasında, həmçinin şahid, mütəxəssis, müəllim, həkim və digər şəxslər iştirak edirlər. Müstəntiqin göstərişi və ya icazəsi ilə istintaq eksperimentinin aparılmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər. İstintaq eksperimentinin aparılmasına insanların həyatı və sağlamlığı üçün təhlükə yaranmadıqda, şərəf və ləyaqətləri alçaldılmadıqda, onlara maddi zərər vurulmadıqda yol verilir.
Vəzifədən kənarlaşdırma qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin öz vəzifə səlahiyyətlərini icra etməsinə, yerinə yetirdiyi işi, yaxud məşğul olduğu fəaliyyəti davam etdirməsinə qadağan qoyulmasından ibarətdir. Şübhəli və ya təqsirləndirilən şəxs barəsində vəzifədən kənarlaşdırma qismində qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər əsaslar olduqda, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror göstərilən şəxsə 3 (üç) gün müddətində vəzifə səlahiyyətlərini icra etməyi, yerinə yetirdiyi işi, yaxud məşğul olduğu fəaliyyəti davam etdirməyi əsaslandırılmış qərarı ilə qadağan edə bilər. Eyni vaxtda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə şübhəli və ya təqsirləndirilən şəxs barəsində vəzifədən kənarlaşdırma qismində qətimkan tədbirinin seçilməsi barədə təqdimat göndərir. Vəzifədən kənarlaşdırma qismində qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının surəti dərhal icra edilməsi üçün şübhəli və ya təqsirləndirilən şəxsin iş yerinin müdiriyyətinə göndərilir və o, qərarın surətini aldığı andan şübhəli və ya təqsirləndirilən şəxsin qadağan edilmiş işlə məşğul olmasına, yaxud fəaliyyətini həyata keçirməsinə imkan verməyə haqlı deyil.
Cinayət işi üzrə icraat Cinayət-Prosessual Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə dayandırılır. Cinayət işi üzrə icraatın dayandırılması barədə qərarda aşağıdakılar göstərilməlidir: 1. qərarın çıxarıldığı tarix, vaxt və yer; 2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 3. cinayət işi nə vaxt və kim tərəfindən başlanmışdır; 4. cinayət işinin başlanmasına səbəb və əsas olan hallar, 5. İbtidai istintaq zamanı müəyyən edilmiş hallar; 6. cinayət işi üzrə icraatın dayandırılması üçün motivlər; 7. CPM-nin 53.1-ci maddəsində göstərilən hallardan birinə və ya bir neçəsinə istinad edilməklə müstəntiqin cinayət işi üzrə icraatın dayandırılması barədə qərarının əsaslandırılması; 8. müvafiq hallarda barəsində cinayət işi üzrə icraatın dayandırıldığı şəxsin soyadı, adı və atasının adı; 9. cinayət işi üzrə icraatın dayandırılması ilə əlaqədar görülməli tədbirlər. Cinayət işi üzrə icraatın dayandırılması barədə müstəntiqin qərarının çıxarıldığı andan 24 saatdan gec olmayaraq onun surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir. Müstəntiq zərər çəkmiş şəxsi, onun nümayəndəsini, mülki iddiaçını, mülki cavabdehi və ya onların nümayəndələrini yazılı qaydada cinayət işi üzrə icraatın dayandırılması barədə qərarla tanış etməli və onlara cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan CPM-nin 122-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilməsinin mümkünlüyünü izah etməlidir. CPM-nin 53.1.4—53.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla cinayət işi üzrə icraat dayandırıldıqda bu barədə həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi də məlumatlandırılır.
I. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir: 1) bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı; 2) Azərbaycan Respublikası Prezidentinin seçkiləri; 3) Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu; 4) referendum; 5) məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat; 6) məhkəmə icraatı, məhkəmə qərarlarının icrası; 7) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu; 8) fövqəladə vəziyyət rejimi; hərbi vəziyyət rejimi; 9) dövlət təltifləri; 10) fiziki və hüquqi şəxslərin statusu; 11) mülki hüquq obyektləri; 12) əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik; 13) mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ; 14) ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq; 15) maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər; 16) əmək münasibətləri və sosial təminat; 17) cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi; 18) müdafiə və hərbi qulluq; 19) dövlət qulluğu; 20) təhlükəsizliyin əsasları; 21) ərazi quruluşu; dövlət sərhədi rejimi; 22) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi; 23) rabitə və nəqliyyat işi; 24) statistika, metrologiya və standartlar; 25) gömrük işi; 26) ticarət işi və birja fəaliyyəti; 27) bank işi, mühasibat, sığorta. II. Bu maddənin 2, 3, 4-cü bəndlərində göstərilən məsələlərə dair qanunlar 83 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir. III. Bu maddənin I hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər.
Azərbaycan Respublikasının Konstitusiyasının 134-cü maddəsində qeyd olunub: I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. II. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. III. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. IV. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir. V. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. VI. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir.
Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Miras, əmlak bir neçə başqa şəxsə vəsiyyət edilsədə, vəsiyyət edənin övladlarının mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını(məcburi pay) təşkil etməlidir.
Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. Publik hüquqi şəxslərin fəaliyyəti Mülki Məcəllə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
Hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Hərbi xidmət üzrə məhdudlaşdırma müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmur.
Hüquq - İctimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, hamı üçün ümumməcburi davranış qaydalarının məcmusudur. Hüquq həmdə davranışı tənzimləmək üçün sosial və ya hökumət institutları tərəfindən yaradılmış və tətbiq edilə bilən qaydalar toplusudur. Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. İctimai həyatın təşkilində, insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Hüquq anlayışı haqqında məsələ mübahisəlidir. Hüquq elminin müxtəlif sahələrinin nümayəndələrinin hüquqa vaxtilə vermiş olduqları və hal-hazırda verdikləri müxtəlif təriflər mövcuddur.
Hüquq norması ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalalardır. “Norma” latın sözü olmaqla, tərcümədə “qayda”, “nümunə” mənasını verir. Qeyd edilməlidir ki, hər bir norma özündə arzuolunan və qanuni hesab olunan davranış modelini, nümunəsini əks etdirir. Əksər hüquq normaları özlərində müəyyən davranış qaydasını, müvafiq subyektlər dairəsinə münasibətdə hüquq və vəzifələri, eləcə də, arzuolunan davranış modelinə uyğun şəkildə hərəkət etməyən subyektlərə münasibətdə tətbiq ediləcək təsir tədbirlərini ehtiva edir.
Azərbaycan Respublikasının ərazisi vahid gömrük ərazisidir. Gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən, orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir. Gömrük ərazisində qanunvericilikdə müəyyən edilmiş qaydada sərbəst zonalar yaradıla bilər. Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri gömrük sərhədidir. Sərbəst zonaların perimetrləri istisna olmaqla, gömrük sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür
Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər hüquqi varis hesab edilə bilmədikdə, təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır. Zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi istisna olmaqla, digər hüquqi varisin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq, xüsusi ittihamçı qismində cinayət təqibindən imtina etmək və zərər çəkmiş şəxsin verdiyi şikayətdən imtina etmək hüququ yoxdur.
Konstitusiya Qanununda normativ hüquqi akta müvafiq anlayış verilməklə yanaşı, onu digər hüquqi akt növlərindən fərqləndirən 4 əsas əlaməti müəyyən edilmişdir. 1.Tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilir; 2.hamı üçün məcburi davranış qaydalarını əks etdirir; 3.qeyri-müəyyən subyektlər dairəsi üçün nəzərdə tutulur; 4.dəfələrlə tətbiq olunan müəyyən formalı rəsmi sənəddir. Normativ hüquqi akt hesab olunan hüquqi aktların dairəsi Konstitusiya Qanununun 2-ci maddəsi ilə müəyyən edilir.
18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq dövrü pensiya hüququ verən iş stajına daxil edilir və həmin şəxsə qulluq edən şəxsə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məbləğdə müavinət ödənilir. Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq əlillik müəyyən edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi fasiləsiz iş stajından asılı olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir.
Təhqiqatçı, müstəntiq və ya prokuror hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat aldıqda və ya cinayət hadisəsini bilavasitə aşkar etdikdə Cinayət- Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, həmçinin öz səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar. Cinayətin baş verməsi təsdiq olunarsa, dövlət ittihamçısı təqsirləndirilən şəxsi məhkəmə qarşısında ifşa və ona layiqli cəza tələb etməli, zəruri hallarda isə şəxsin barəsində tibbi və ya tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini tələb etməlidir. Cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə tədbirlər görməlidir. Cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya Cinayət- Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir.
Hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir: 1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 4. Cinayət Məcəlləsinin 99-4.1.1—99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini istisna etmir. CM-nin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxs barəsində qanunla müəyyən edilmiş hallarda cinayət təqibinə xitam verilməsi hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqinə mane olmur. Dövlət, bələdiyyələr, həmçinin beynəlxalq təşkilatlar barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər CM-nin 104-1, 137, 144, 144-1, 144-2, 144-3, 167–169, 169-1, 170–171-2, 192-2, 193-1, 194, 200-1, 200-2, 206.2-206.4, 206-1, 214–220, 233, 234, 237, 240, 242-244-1, 259-261, 271–284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. Məhkəmə tərəfindən cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda cinayət-hüquqi tədbirlər hüquqi şəxsin hüquqi varisinə təyin olunur. Məhkəmə tərəfindən cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv olunanadək hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi qadağandır.
İnzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir.
Məntəqə seçki komissiyaları müvafiq dairə seçki komissiyaları tərəfindən 6 üzvdən ibarət tərkibdə təşkil edilir. Məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər. Həmin namizədlər müvafiq seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar. Məntəqə seçki komissiyasının 2-dən çox üzvü bələdiyyə qulluğunda ola bilməz. Məntəqə seçki komissiyaları bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılırsa, onlar səsvermə gününə azı 40 gün qalmış təşkil edilməlidir. Məntəqə seçki komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilmiş qaydada müvafiq vəsiqə alırlar. Hər bir qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin təşəbbüs qrupunun məntəqə seçki komissiyası işə başladığı andan səsvermənin nəticələri rəsmiləşdirilənədək məntəqə seçki komissiyasına bir müşahidəçi təyin etmək hüququ vardır. Həmin müşahidəçilər üçün Seçki Məcəlləsinin 40.7-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçmək tələb olunmur və onlara nəzərdə tutulan müvafiq lövhəciklər verilir. Seçki Məcəlləsinin 35.4 və 35.5-ci maddələrində göstərilən hallarda seçicilərin sayı 100-dən az olan və 50-dən çox olan və yolu çətin keçilən yerlərdə yerləşən seçki məntəqələrində məntəqə seçki komissiyası seçicilərin ümumi yığıncağında açıq səsvermə yolu ilə seçilir. Bu halda məntəqə seçki komissiyasının tərkibi dairə seçki komissiyası tərəfindən təsdiqlənir.
1. Əmək Məcəlləsi, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. 2. Əmək Məcəlləsi işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirən işçilərə də şamil edilir. 3. Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir. 4. Ələt azad iqtisadi zonasında əmək münasibətləri “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir
Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş: 1. əhalisi 99.999-dan çox olan ərazidə — 150; 2. əhalisi 49.999-dan çox olan ərazidə — 100; 3. əhalisi 19.999-dan çox olan ərazidə — 75; 4. əhalisi 9.999-dan çox olan ərazidə — 50; 5. əhalisi 4.999-dan çox olan ərazidə — 30; 6. əhalisi 4.999-dan az olan ərazidə — 15 seçici imzası toplamalıdır. Seçicilərin bələdiyyə üzvlüyünə bir neçə namizədin müdafiəsi üçün imza etmək hüququ vardır. Seçicilərin imzaları Seçki Məcəlləsinin 56-cı (Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması şərtləri) və 57-ci (Namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası) maddələrində göstərilən qaydada toplanır.
Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Yuxarıda göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə birinci abzasda göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər. Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edir. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır
Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Vətəndaşların şikayətlərinə baxılması qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Seçki komissiyası tərəfindən qəbul edilən şikayətlərin qeydiyyat kitabçasında qəbul etmə tarixi və ardıcıl qeydiyyat nömrəsi göstərilməklə qeydiyyat aparmalıdır. Şikayət qeydə alındıqdan sonra ekspert qrupunun üzvünün aşağıdakı səlahiyyətləri vardır: 1. şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy təqdim etmək; 2. şikayət üzrə əlavə məlumat tələb etmək; 3. əlavə məlumat almaq üçün Mərkəzi Seçki Komissiyası vasitəsilə müvafiq dövlət orqanlarına müraciət etmək; 4. zəruri hallarda əlavə dəlillər əldə etmək (video yazılar, yazılı materiallar və s.); 5. Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən digər tədbirlər görmək.
Xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətə verilə bilməz. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi Cinayət Məcəlləsinin 12-ci maddəsinə müvafiq Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş və Azərbaycan Respublikasında olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayət məsuliyyətinə cəlb edilməsi yaxud təyin edilmiş cəzanın icrası üçün "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətə verilə bilərlər. Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş şəxslər xarici dövlətə verilmirsə və həmin əməl (hərəkət və ya hərəkətsizlik) Cinayət Məcəlləsinə əsasən cinayət sayılırsa, onlar Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə cinayət törətmiş şəxslərin verilməsinə dair digər müddəalar müəyyən olunduqda, beynəlxalq müqavilələr tətbiq edilir.
Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmənin, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmənin, hərbi xidmət üzrə məhdudlaşdırmanın, islah işlərinin, azadlığın məhdudlaşdırılmasının, intizam xarakterli hərbi hissədə saxlamanın, azadlıqdan məhrum etmənin müddətləri aylarla və illərlə, ictimai işlərin müddəti isə saatlarla hesablanır. Cinayət Məcəlləsinin 69.1-ci maddəsində nəzərdə tutulmuş cəza növlərinin dəyişdirilməsi və ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətlər günlərlə hesablana bilər. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir.
Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət etmiş şəxsin öz hərəkətinə görə cinayət qanunu ilə cavab verməsidir. Cinayət məsuliyyəti (mülki-hüquqi, inzibati və s. hüquqlarla yanaşı) hüquqi məsuliyyətin bir növüdür. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, cinayəti törətmiş şəxs cinayət məsuliyyətinə cəlb olunur. Cinayət məsuliyyəti cinayətkarlıqla mübarizə aparmaq üçün mühüm dövlət məcburiyyət üsullarından biridir. Cinayət məsuliyyəti dedikdə, şəxsin törətdiyi cinayət əməlinə görə dövlət qarşısında cavabdeh olması başa düşülür. Cinayət məsuliyyəti institutu cinayətkarlıqla mübarizələr, ictimai münasibətlərin qorunmasında, məhkumlar üzərində tənbehedici və tərbiyəvi təsirin həyata keçirilməsində, cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu oynayır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 106-cı maddəsinə əsasən hər il yanvarın 20-si — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günüdür. Bu gün iş günü hesab edilmir.
Əmək Məcəlləsinin 101-ci maddəsinə əsasən iş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir: a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün; c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda; ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda; d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda. İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur.
Seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Aşağı seçki komissiyası tərəfindən vətəndaşların seçki və referendumda iştirak etmək hüquqları pozulduqda və belə bir hal nəticəsində Mərkəzi Seçki Komissiyası (və ya məhkəmə) müvafiq ərazidə səsvermənin nəticələrini etibarsız hesab etdikdə, Mərkəzi Seçki Komissiyası həmin aşağı seçki komissiyasını buraxa bilər. Aşağı seçki komissiyasının buraxılmasına dair Mərkəzi Seçki Komissiyasının qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət edilə bilər. Bu şikayət dərhal baxılmaq üçün qəbul edilir və müvafiq qərar 3 gündən gec olmayaraq çıxarılır. apellyasiya instansiyası məhkəməsinin bu barədə qərarının qanuni qüvvəyə mindiyi gündən ən geci bir həftə müddətində müvafiq aşağı seçki komissiyası Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada təşkil olunmalıdır. Seçki Məcəlləsində nəzərdə tutulan hallarda seçki komissiyası buraxılıb yenidən təşkil edilərsə, yenidən təşkil edilmiş seçki komissiyasının səlahiyyət müddəti buraxılmış seçki komissiyasının səlahiyyət müddəti ilə məhdudlaşır.
Hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələri qadağandır. Vətəndaşların seçkidə (referendumda) iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması, seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: a) həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə — uşaq dörd yaşına çatanadək; b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək; c) 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək; ç) orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq əlilliyi olan işçilərə — bir təqvim ayınadək; d) müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə — 14 təqvim gününədək; e) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə — 14 təqvim gününədək; ə) insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan valideynlərə — 14 təqvim gününədək; f) doktoranturada (adyunkturada), təhsil alan işçilərə —1 təqvim ayınadək; g) ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə — 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 7 təqvim günü; ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə — 14 təqvim gününədək; h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; x) 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları olan işçilərə - 14 təqvim gününədək; i) ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir.
1. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. 2. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır. 3. Əmək Məcəlləsinin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır. 4. Əmək Məcəlləsinin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir.
İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər. İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin İXM-nin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir. Qeyd: 1. İXM-nin 16.3-cü maddəsində “hərbi qulluqçular” dedikdə, müvafiq icra hakimiyyəti orqanının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları başa düşülür. 2. İXM-ndə “əcnəbi” dedikdə, Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs başa düşülür. 3. İXM-ndə “vətəndaşlığı olmayan şəxs” dedikdə, heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs başa düşülür.
1. Əmək Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. 2. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi (2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır.) ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 3. İşçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 4. Xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı məlumatların elektron informasiya sistemində, habelə Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək kitabçasında qeydiyyatı xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.
Polis haqqındaAzərbaycan Respublikasının Qanununa əsasən cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır: 1) cinayətin və digər hüquqpozmanın qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi, cinayəti doğuran səbəblərin öyrənilməsi və aradan qaldırılması üçün tədbirlər görmək; 2) cinayət və digər hüquqpozmalar haqqında daxil olan ərizələrin və məlumatların qəbul edilməsini, qeydiyyatdan keçirilməsini və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada tədbirlərin görülməsini təmin etmək; 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada cinayət işlərini başlamaq, təhqiqat və istintaq aparmaq; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; 5) bu maddənin 1-4-cü bəndlərində göstərilən məsələlər üzrə məhkəmənin (hakimin) və ya prokurorun qərarlarını, habelə müstəntiqin və ya təhqiqatçının qərarlarını və yazılı tapşırıqlarını icra etmək.
Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı məlumatları təqdim etməlidirlər: 1.mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə; 2.vergitutma obyekti olan əmlakı barədə; 3.kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə; 4.şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə; 5.beş min beş yüz manatdan yuxarı olan borcu barədə; 6.min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə. Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsində göstərilən məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilə bilər
Bələdiyyə seçkiləri zamanı səsvermə Seçki Məcəlləsinin 104-cü və 105-ci maddələrinə uyğun olaraq keçirilir. Seçici seçki bülletenində lehinə səs verəcəyi namizədlərin soyadından sağdakı kvadratlarda müvafiq bələdiyyə üzvlərinin sayına bərabər və ya bu saydan az sayda işarə qoyur. İşarə qoyulmuş kvadratların sayı bələdiyyə üzvlərinin sayından çoxdursa, səs etibarsız sayılır. Boş kvadratlarda heç bir işarə qoyulmamış səs etibarsız sayılır.
Seçkilər günü səsvermə saat 8-dən 19-a kimi keçirilir. Məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalmış səsvermənin yeri və vaxtı haqqında media və ya məlumat lövhələri vasitəsi ilə seçiciləri xəbərdar etməlidirlər. Yaşayış məntəqəsində seçicilərin ümumi sayı 50-dən azdırsa və həmin yaşayış məntəqələrindən ən yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan çox vaxt tələb olunursa, dairə seçki komissiyası həmin seçicilərin seçicilər siyahısına daxil edildikləri seçki məntəqəsinə çatdırılması üçün ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər. Bu cür istifadənin xərcləri dairə seçki komissiyasına Mərkəzi Seçki Komissiyası tərəfindən ayrılan vəsait hesabına ödənilir. Seçkilər günü seçici səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə, bilavasitə özü və ya digər şəxs vasitəsi ilə bildirməlidir. Bu istək şifahi şəkildə bildirilibsə, səsvermə zamanı müvafiq ərizə ilə rəsmiləşdirilməlidir. Dairə seçki komissiyaları seçkilər günü Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, uzaq və yolu çətin yerlərdə səsvermə gününə ən çoxu 10 gün qalmış səsverməni keçirməyə icazə verə bilərlər. Seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir. Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin Seçki Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan maye ilə əvvəl işarələndiyini yoxlayır və içəri daxil olmağa icazə verir. Bu cür işarələnmə müəyyən edilərsə, seçiciyə seçki bülleteni verilmir. Məntəqə seçki komissiyasının digər üzvü seçicinin adının seçici siyahısında olduğunu yoxlayır və ona seçki bülleteni verir. Barmağının maye ilə işarələnməsindən imtina edən seçiciyə seçki bülleteni verilməyəcəyi izah edilir. Seçici razılaşmadıqda ondan seçki məntəqəsini tərk etmək tələb edilməlidir. Bu barədə seçici siyahısında "işarələnmədən imtina etdi" qeydi aparılır. Seçici razılaşarsa, seçicinin sol əlinin baş barmağı işarələnir. Seçiciyə seçki bülleteni şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edildikdə verilir. Seçici seçki bülletenini aldıqdan sonra seçicilər siyahısına şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti yazılır. Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti seçicilər siyahısına məntəqə seçki komissiyasının üzvü tərəfindən qeyd edilir. Seçici yazıların düzgünlüyünü yoxlayır və bülleteni alarkən imza edir. Seçicinin seçki bülletenini sərbəst almaq imkanı olmadıqda o, məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, başqa şəxslərin köməyindən istifadə edə bilər. Seçiciyə kömək edən şəxs öz soyadını və inisialını göstərməklə seçici siyahısında «seçicinin seçki bülletenini alması haqqında imza» qrafasında imza etməlidir.
Hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Hərbi xidmət üzrə məhdudlaşdırma müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmur.
Vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır: 1.xidməti vəzifəsini icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq; 2.statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi məqsədilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında qanunsuz kömək etmək; 3.bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək, habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə-kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq; 4.statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə onun səlahiyyət dairəsinə daxil olmayan məsələlər üzrə digər dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların fəaliyyətinə qanunsuz müdaxilə etmək; 5.statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək; 6.normativ hüquqi aktların və digər qərarların qəbul edilməsi zamanı fiziki və ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək; 7.vəzifə tutduğu və ya ona tabe olan, onun nəzarətində olan, habelə ona hesabat verən orqanların (qurumların) işi üzrə fiziki və ya hüquqi şəxslərin nümayəndəsi qismində iştirak etmək; 8.qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək; 9. qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan məlumatları və sənədləri fiziki və hüquqi şəxslərdən tələb etmək; 10.dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların maddi və maliyyə vəsaitlərini qanunsuz olaraq namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşəbbüs qruplarının seçki fonduna vermək; 11.qanunvericiliklə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət fondlarına, dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların təsərrüfat subyektlərinə məxsus olan maddi və maliyyə ehtiyatlarını qeyri-dövlət strukturlarına vermək; 12.fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq; 13.sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı səlahiyyətləri belə fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə qanunsuz olaraq vermək. Bu Qanunda nəzərdə tutulan hallardan başqa, vəzifəli şəxslərin fəaliyyətini tənzimləyən və ya statusunu müəyyən edən qanunvericilik aktlarında korrupsiya ilə əlaqədar digər hüquqpozmalar müəyyən edilə bilər.
Cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi CPM-nin müddəalarına uyğun olaraq xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya CPM-nin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası CM-nin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1,186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibinə CM-nin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən yalnız aşağıdakı hallarda başlanıla bilər: 1. törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda; 2. cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə; 3. cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə; 4. cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə; 5. cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya ona qarşı törədildikdə. 37.2 və 37.3-cü maddələrdə göstərilməyən digər cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir.
Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. Həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınır. Barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 1. şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; 2. cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — CM-nin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; 3. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; 4. böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; 5.az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; 6. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; 7. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.
Media sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır: 1. media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək; 2. Azərbaycan Respublikasında hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq; 3. istifadəçiləri, xüsusilə də uşaqları zərərli informasiyanın təsirlərindən qorumaq; 4. medianın inkişafını təşviq etmək və stimullaşdırıcı tədbirlər həyata keçirmək; 5. media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq; 6. media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq; 7. Azərbaycan Respublikasının media məkanının təhlükəsizliyini təmin etmək; 8. ictimai yayımın təmin olunması üçün şərait yaratmaq.
Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aşağıdakılar aiddir: 1. zorakılığı və qəddarlığı təbliğ edən informasiya; 2. cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya; 3. uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya; 4. ailə institutunu nüfuzdan salan informasiya; 5. əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya; 6. pornoqrafik xarakterli informasiya. Müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyaya aiddir: 1. zorakılığı və qəddarlığı nümayiş edən informasiya; 2. qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya; 3. qorxu məzmunlu informasiya; 4. erotik məzmunlu informasiya. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir. Müəyyən yaş qrupuna aid olan uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyanın dövriyyəsi Uşaqların zərərli informasiyadan qorunması haqqında Qanunun 7-12-ci maddələrinə uyğun olaraq həyata keçirilir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı Qanunda müəyyən edilmiş qaydalara riayət etməyə borcludur.
1. Qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar. 2. Qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş əmək hüquqlarının məhdudlaşdırılması qadağandır. 3. Əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir. 4. İşəgötürənlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün həmin Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə iş icazəsi almalıdırlar. 5. Əməkçi miqrantların əmək fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan məsələlər Əmək Məcəlləsi ilə tənzimlənir. 6. İşəgötürənlər tərəfindən əməkçi miqrantların hüquqlarının təmin edilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Dövlət vergilərinə aşağıdakılar aiddir: 1. fiziki şəxslərin gəlir vergisi; 2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); 3. əlavə dəyər vergisi; 4. aksizlər; 5. hüquqi şəxslərin və Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; 6. hüquqi şəxslərin və Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; 7. yol vergisi; 8. mədən vergisi; 9. sadələşdirilmiş vergi. Vergi Məcəlləsi ilə bütün dövlət vergilərinin dərəcələrinin ən yüksək hədləri müəyyən edilir. Dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri Vergi Məcəlləsində müəyyən edilən dərəcələrdən yüksək ola bilməz və hər il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunu qəbul edilən zaman həmin dərəcələrə yenidən baxıla bilər.
Axtarış və ya götürmə zamanı hal şahidləri iştirak edə bilər. Şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Zəruri hallarda axtarış və ya götürmənin aparılmasında tərcüməçi və mütəxəssis iştirak edə bilər. Axtarış və ya götürmə zamanı barəsində axtarış və götürmənin aparıldığı şəxsin, onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirıkı təmin edilməlidir. Göstərilən şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda mənzil-istismar təşkilatının, yaxud yerli icra hakimiyyəti orqanının nümayəndəsi dəvət edilir. İdarə, müəssisə, təşkilatlara, hərbi hissələrə məxsus olan binalarda axtarış və ya götürmə onların nümayəndəsinin iştirakı ilə aparılır. Barəsində axtarış və ya götürmənin aparıldığı şəxslər, habelə hal şahidləri, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, müdafiəçilər müstəntiqin bütün hərəkətləri zamanı həmin yerdə olmaq, protokolda yazılmalı olan qeydlər vermək hüququna malikdirlər.
Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 2. CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin CPM-nin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə baxışının gedişində cinayət təqibinə CPM-nin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən CPM-nin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Məhkəmə baxışının gedişində dövlət ittihamçısının CPM-nin 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibindən imtina etməsi ilə əlaqədar məhkəmənin qərarına əsasən cinayət təqibinə xitam verilərkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, qərar qanuni qüvvəyə mindikdən sonra CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən xuliqanlıq dedikdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər nəzərdə tutulur. Qeyd edilən anlayışdan da göründüyü kimi xuliqanlıq bir neçə hərəkətin edilməsi ilə müşahidə oluna bilər. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulması başa düşülür. Əgər ictimai qaydanı kobud surətdə pozan hərəkətlər başqa şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq olunması hədəsi ilə, yaxud başqa şəxsin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunmursa, bu halda əməl xuliqanlıq cinayəti kimi yox, inzibati xəta kimi (xırda xuliqanlıq) kimi tövsif olunmalıdır. Diqqət edilməli olan digər məqam ondan ibarətdir ki, xuliqanlıq cinayətinin şərhi baxımından başqa şəxslər üzərində zor tətbiq olunması dedikdə, şəxsin sağlamlığına yüngül zərər vurulması nəzərdə tutulur. Yəni, ictimai qaydanı pozan şəxs başqa şəxsin sağlamlığına yüngül zərər vurduqda onun əməli ancaq xuliqanlıq kimi qiymətləndirilir. Lakin, ictimai qaydanı pozan şəxs başqa şəxsin sağlamlığına qəsdən az ağır və ağır zərər vurduqda, bu halda təqsirkar şəxsin əməli həm xuliqanlıq, həm də başqa şəxsin sağlamlığına qəsdən az ağır və ya ağır zərər vurma kimi qiymətləndiriləcək.
Müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. Toplanmış materialların həcminin böyüklüyünə və ya təqsirləndirilən şəxslərin sayının çoxluğuna görə işin məhkəmə baxışını gecikdirən və ya başqa formada çətinlik yaradan ittihamlar bir icraatda birləşdirilməməlidir. Aşağıdakılar bir icraatda birləşdirilə bilməz: 1. cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar üzrə; 2. cinayət təqibi bir əmələ görə xüsusi ittiham qaydasında, digəri ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən ittihamlar üzrə; 3. birgə baxılması obyektiv araşdırılmasına mane ola bilən digər bütün ittihamlar üzrə.
Trasologiya fransızca "trace" – iz, yunanca "loqos" – təlim sözlərindən əmələ gəlməklə "İzlər haqqında təlim" deməkdir. Hələ qədim zamanlardan cinayətlərin açılması və istintaqında izlərdən istifadə edilməsi məlumdur. Bir çox mənbələrdən ciinayətkarı "İzlərlə"təqib etmə barədə məlumatlar mövcuddur. Zaman keçdikcə "iz"lərdən kriminalistik məqsədlər üçün elmi əsaslarla istifadə edilməyə başlandı. XX əsrin 1-ci yarısında isə "İzlər haqqında təlim" dən kriminalistik texnikanın möstəqil sahəsi olan Trasologiya (izşünaslıq) yarandı."izlər" к kriminalistika elmində geniş və dar mənada başa döşölör. Trasologiyanın əsas məqsədi cinayətkar hərəkət (və ya hərəkətsizlik) nəticəsindəizlərin yaranma qanunauyğunluqlarını öyrənmək, eləcə də izlərin aşkar edilməsi, qeyd olunması və götürülməsi üçün texniki vasitələr, ösullar və metodlar hazırlamaq; izlərin yaranam mexanizmi, vaxtını və digər iş üçün əhəmiyyətli olan halların müəyyənləşdirilməsi üçün izlərə baxış keçirmək; izlərə-əkslərə görə iz qoyan obyektlərin növ (cins) mənsubiyyətini müəyyən etmək və onları eyniləşdirmək; cinayətin törənməsinə şərait yaradan səbəb və şəraitin müəyyən edilməsidir.
Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
Soyğunçuluq, yəni özgənin əmlakını açıq talamadır.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, kimi tövsif edilməlidir.
Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır: ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; Nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.
Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər: 1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər; 2. ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər; 3. fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər; 4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər; 5. uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir. Ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir. Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir. Peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir. Ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir. Bu maddədə nəzərdə tutulmuş məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər
Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmədir. Beynəlxalq hüquq normalarına görə, soyqırım törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırım cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqırım cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə görə həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir.
Mülki Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Mülki Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq; mülki dövriyyəni təmin etmək; sahibkarlıq fəaliyyətini dəstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq.
Cinayət məsuliyyətinə cəlb etmə yalnız törədilib başa çatmış cinayətlərə görə deyil, həmçinin başa çatmamış cinayətlərə görə də ola bilər. Cinayətin hazırlanmasına və törədilməsinə yönələn hərəkətlər qanunla cinayət hesab edilən əməlin bütün əlamətlərinə malik olur. Buna görə də, cinayət qanunvericiliyi təkcə başa çatan cinayətə görə deyil, həm də bitmiş cinayətdən öncə hələ başa çatmayan ictimai-təhlükəli əməllərə görə də məsuliyyət müəyyən edir. Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət etməyə cəhddə qanunda nəzərdə tutulan ictimai-təhlükəli nəticə baş vermir. Lakin, buradan nəticə çıxarmaq olmaz ki, cinayət etməyə cəhddə, ümumiyyətlə, nəticə olmur. "Cinayətə cəhd – nəticəsi cinayətdir" dedikdə, şəxsin məhz arzu etdiyi nəticənin meydana gəlməməsi nəzərdə tutulur. Bəzən cinayətə cəhddə yol verilən hərəkətlər cinayəti başa çatdırmasa da müəyyən nəticələr doğura bilər. Cinayət etməyə cəhd subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunur
Cinayət Məcəlləsinin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.
I. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. III. Heç kəs zorla işlədilə bilməz. IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hәrbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. VII. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. VIII. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
I. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. II. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır. III. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir. IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir.
I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. II. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. III. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. IV. Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir. V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur. VI. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır. VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarını törətmiş fiziki şəxslərin hərəkətləri cinayət tərkibi yaratmadıqda, onlar inzibati qaydada cərimə edilirlər. Cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə edilir. Cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər tətbiq edilir.
Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: Məktəbəqədər təhsil. Ümumi təhsil: 1.ibtidai təhsil; 2.ümumi orta təhsil; 3.tam orta təhsil. Peşə təhsili: 1. ilk peşə təhsili; 2. texniki peşə təhsili; 3. yüksək texniki peşə təhsili. Orta ixtisas təhsili. Ali təhsil: 1. bakalavriat (əsas (baza ali) tibb təhsili); 2. magistratura (rezidentura); 3. doktorantura (adyunktura). Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir təhsil pilləsi və səviyyəsi (məktəbəqədər təhsil pilləsi və ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi istisna olmaqla yekun attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatır. Təhsilin pillələri və səviyyələri üzrə fəaliyyət müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır. Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədi ilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir
Özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması— iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllərin iki və ya daha çox şəxsə qarşı və ya yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə— dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin valideynlərinin, qəyyumlarının, himayәçilәrinin, yaxud onun saxlandığı qapalı uşaq müəssisəsi müdiriyyətinin üzərinə yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət etməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməsi və digər prosessual vəzifələri icra etməsi də daxil olan davranışını təmin etmə vəzifəsinin qoyulmasından ibarətdir. Yetkinlik yaşına çatmamış şəxsin nəzarət altına verilməsindən əvvəl təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə valideynlərin, qəyyumların, yaxud himayəçilərin şəxsiyyəti, onların yetkinlik yaşına çatmamış şəxsə qarşı münasibətləri barədə məlumat toplamalı, şübhəli və ya təqsirləndirilən şəxsi lazımi nəzarət altında saxlamalarını həyata keçirmək iqtidarında olduqlarını yəqin etməlidir. Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbirinin seçilməsinin mümkünlüyünü yəqin edən cinayət prosesini həyata keçirən orqan müvafiq qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarır. O, valideynləri, qəyyumları, himayəçiləri və ya uşaq müəssisəsinin nümayəndəsini həmin qərarla tanış edir və qərarın surətini onlara təqdim edir, habelə protokolda göstərilməklə onları şübhənin və ya ittihamın məzmunu ilə tanış, hüquq və vəzifələrini izah, məsuliyyət barədə xəbərdar edir. Valideynlər, qəyyumlar, himayəçilər yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifələrindən xəstəliyi, ailədə qarşılıqlı münasibətin pisləşməsi, bu şəxslərin lazımi davranışını təmin etmə imkanını istisna edən digər səbəblər üzündən azad olunmalarını xahiş etməyə haqlıdırlar. Nəzarəti həyata keçirməli olan şəxslər qarşısı alınmayan qüvvənin təsirini sübut etdikləri hallar istisna olmaqla, şübhəli və ya təqsirləndirilən şəxsin davranışına nəzarəti həyata keçirmək imkanından məhrum olunduqlarına istinad etməyə haqlı deyillər. Nəzarəti həyata keçirməli olan şəxslər xəbərdarlıq üçün haqqında nəzarət altına vermə qismində qətimkan tədbiri seçilmiş şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranmaması barədə cinayət prosesini həyata keçirən orqana məlumat verməlidirlər. Nəzarəti həyata keçirməli olan və bu vəzifələrini yerinə yetirməyən təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. Barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş şəxs 18 yaşına çatdıqda və nəzarəti həyata keçirməli olan şəxslər onu lazımi nəzarət altında saxlamaq vəzifəsini davam etdirmək iqtidarında olduqlarını bildirdikdə qətimkan tədbiri dəyişdirilmir. o
Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir. Həmin əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda – altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunan əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda- altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.
1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. 2. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər. 3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. 4. İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi Əmək Məcəlləsinin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.
Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə— iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər: 1. iki və ya daha çox şəxsə qarşı törədildikdə; 2. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; 3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; 4. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; 5. zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; 6. silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 145.1 və ya 145.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə— yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 168.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etmə— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
1. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 2. Əmək münasibətlərinə xitam verilərkən Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. 3. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.
Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən: 1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. 2. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
1. Konstitusiya Məhkəməsi palatalarının iclaslarında Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III – VII hissələrində nəzərdə tutulmuş məsələlərə dair sorğuların, müraciətlərin və ya şikayətlərin icraata qəbul edilib-edilməməsi məsələsi həll olunur. 2. Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III – VII hissələrində nəzərdə tutulmuş məsələlərə dair Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmiş sorğulara, müraciətlərə və şikayətlərə mahiyyəti üzrə baxılır. 3. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsində, 86-cı maddəsində, 88-ci maddəsinin I hissəsində, 101-ci maddəsinin V hissəsində, 102-ci maddəsində, 104-cü maddəsinin II və III hissələrində, 107-ci və 153-cü maddələrində nəzərdə tutulmuş məsələlərə birbaşa Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında baxılır.
Əmək Məcəlləsinin 233-cü madəsinə əsasən: 1. İşçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. 2. İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. 3. İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu və küləyin gücü Əmək Məcəlləsinə 2-ci əlavədə nəzərdə tutulmuşdur. 4. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. 5. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
Bəli, Əmək Məcəlləsinin 77 –ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən- İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
1. Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tətbiqi zamanı işçilər və işəgötürənlər arasında yaranan fərdi və kollektiv əmək mübahisələri Əmək Məcəlləsi və Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bilavasitə məhkəmələr tərəfindən həll edilir. 2. Əmək Məcəlləsində nəzərdə tutulan hallarda fərdi və kollektiv əmək mübahisələri, məhkəməyə müraciət etməkdən çəkinmək və yaranmış mübahisənin könüllü olaraq aradan qaldırılması məqsədi ilə tərəflərin özlərinin müəyyən etdikləri qaydada da həll edilə bilər. Lakin hər bir tərəfin məhkəməyə müraciət etmək hüququ heç bir halda məhdudlaşdırıla bilməz.
120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə— doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 120.2. Qəsdən: 120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə; 120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürmə; 120.2.3. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə; 120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə; 120.2.5. tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə; 120.2.6. başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə;— 120.2.7. iki və ya daha çox şəxsi öldürmə; 120.2.8. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə; 120.2.9. təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə; 120.2.10. təkrar adam öldürmə; 120.2.11. quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə; 120.2.12. milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə— on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Cinayət Məcəlləsinin maddələri ilə qəsdən adam öldürməyə görə məsuliyyət müəyyən olunmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi onun təkrar törədilməsi hesab olunur.
Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız CM-nin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya CM-nin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir.
Qətimkan tədbirinin seçilməsinə zərurət olmadıqda, şübhəli və ya təqsirləndirilən şəxsdən təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin çağırışlarına gəlməsi və onların yaşayış yerini dəyişməsi, habelə müalicə və ya digər zərurətlə bağlı Azərbaycan Respublikası hüdudlarından kənara çıxması ilə əlaqədar əvvəlcədən məlumat vermək barədə yazılı iltizam alınır. Çağırış üzrə gəlmək və məlumat vermək barədə iltizama əməl edilmədikdə Cinayət-Prosessual Məcəlləsinin 155.1-ci maddəsində nəzərdə tutulan əsasların (Qətimkan tədbirlərinin seçilməsi əsasları) mövcudluğu məsələsinə yenidən baxılır.
Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Güclü ruhi həyəcan vəziyyətində iki və ya daha çox şəxsi qəsdən öldürmə— üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həbs qətimkan tədbiri yalnız aşağıdakı şəxsə tətbiq oluna bilər: 1. cinayət prosesini həyata keçirən orqandan gizlənmək; 2. cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq; 3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq;)nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə; 4. cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə, 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə; 5. əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə.
Cinayət prosesini həyata keçirən orqan istintaqın normal gedişini təmin etmək üçün istintaq hərəkətini məcburi apara bilər, onun iştirakçılarının bu hərəkətin başlanmasını gözləmələri və onun aparıldığı yeri tərk etməmələri üçün tədbirlər görə bilər. İstintaq hərəkətinin aparılmasına müvafiq şəxs tərəfindən icazə verilmədiyi və onun məcburi aparılması üçün məhkəmənin qərarı tələb olunduğu halda, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimatla müraciət edir. Aşağıdakı istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur: 1. yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması; 2. tutulmuş və ya həbs edilmiş şəxsdən başqa, şəxsin iradəsinə zidd olaraq onun şəxsi müayinəsi; 3. əmlak üzərinə həbs qoyulması; 4. poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması; 5. telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi; 6. maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi; 7. meyitin qəbirdən çıxarılması (ekshumasiya). 8. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması. Baxış, axtarış və götürmə istisna edilməklə yaşayış yerində, xidməti və istehsalat binalarında digər istintaq hərəkətləri, habelə CPM-nin 177.3.6 və 177.3.7-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri yalnız məhkəmənin qərarı əsasında aparıla bilər.
Cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti işin mürəkkəbliyi ilə əlaqədar müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 1 (bir) aydan, az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 4 (dörd) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. CPM-nin 159.1-ci maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasını zəruri hesab edən müstəntiq həbsdə saxlanılma müddətinin keçməsinə ən geci 6 (altı) gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müvafiq əsaslandırılmış vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 5 (beş) gün qalmış məhkəməyə müvafiq təqdimatla müraciət edir. Məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasının zəruriliyi ilə razılaşdıqda, onun barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarla müəyyən edilmiş həbsdə saxlanılma müddəti başa çatanadək təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edir. Həbsdə saxlanılma müddətinin uzadılması və ya bundan imtina edilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin bu məsələ üzrə qərarı qətidir.
Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti Əmək Məcəlləsində nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.
Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.
Müraciət aşağıdakı hallarda baxılmamış saxlanılır: 1. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə uyğun olaraq müraciətin edilməsi və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda; 2. müraciət Vətəndaşların müraciətləri haqqında Qanunun 6.4 - 6.9-cu maddələrində göstərilən tələblərə cavab vermədikdə; 3. müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; 4. vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda; 5. Vətəndaşların müraciətləri haqqında Qanunun 7.9-cu maddəsində göstərilən (Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir) hallarda müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə; 6. müraciət etmiş şəxs Qanunun 14.0.2-ci maddəsinə uyğun olaraq (14.0.2. müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək) ərizə ilə müraciət etdikdə. Yuxarıda göstərilən hallarda müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə beş iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verir. Müraciətin baxılmamış saxlanmasına əsas verən hallar aradan qaldırıldıqda müraciətə baxan subyekt ona baxılmanı təmin etməlidir.
İctimai faydalı məqsədə nail olmaq üçün əsaslı risk nəticəsində Cinayət Məcəlləsi ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır. Göstərilən məqsədə risk ilə əlaqədar olmayan hərəkətlə (hərəkətsizliklə) nail olmaq mümkün deyildirsə və risk edən şəxs Cinayət Məcəlləsi ilə qorunan obyektlərə zərər dəyməsini aradan qaldırmaq üçün zəruri tədbirləri görmüşdürsə, risk əsaslı hesab edilir. Bilə-bilə insanların həyatı üçün təhlükə ilə, ekoloji və ya digər fəlakət təhlükəsi ilə müşayiət olunan risk əsaslı hesab edilmir.
Azərbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin inkişafının ümumi məkan konsepsiyasının və torpaqdan istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi, ərazilərin planlaşdırılması, tikintisi və abadlaşdırılması, məskunlaşma sisteminin formalaşdırılması və inkişafı, əhalinin məşğulluğunun tənzimlənməsi, ətraf mühitin, tarixi landşaftın və tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə həyata keçirilən fəaliyyətdir.
Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün qanunvericiliklə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.
Avaralıqla məşğul olmağa görə - vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə - əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu maddədə “avaralıqla məşğul olan” dedikdə - müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür.
Cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan aşağıdakı maddi sübutları mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır: 1. tez xarab olan əşyaları; 2. məişətdə gündəlik tələbat əşyalarını; 3. gündəlik qulluğa ehtiyacı olan ev heyvanlarını, quşları və digər heyvanları; 4. verilmiş mülki iddianın və ya əmlak tələbinin təmin edilməsi üçün üzərinə həbs qoyulmamış avtomobil və digər nəqliyyat vasitələrini. Cinayət-Prosessual Məcəlləsinin 131.1-ci maddəsində nəzərdə tutulmuş əşyaların mülkiyyətçisi və ya qanuni sahibi məlum olmadıqda və ya hər hansı səbəbdən onların qaytarılması mümkün deyilsə, bu əşyalar istifadə, saxlanma və ya qulluq edilməsi üçün müvafiq təşkilatlara verilməlidir.
Babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ya ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) qohumlar sayılır.
Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir.
Cinayət- Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə, habelə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat qaydasında verilmiş müraciətlərə baxmaq səlahiyyətinə malik olan məhkəmədir.
Əmək qanunvericiliyinə əsasən havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində, eləcə də, havanın temperaturu 41 dərəcə Selsidən çox olan sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir. İşlərin dayandırılması və işçilərə sərinləmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmçinin iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanılır.
13 iyun 2025-ci il tarixli 212-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin 142-ci maddəsi yeni redaksiyada verilmişdir. 142.1 Qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda – iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 142.2 Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsi, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsi, yaxud dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda – iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 142.1 və 142.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 142.1 və 142.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 142.1 və 142.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət təqibi üzrə qiyabi icraat – məhkəmə tərəfindən qəbul edilmiş cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar əsasında təqsirləndirilən şəxsin iştirakı olmadan onun barəsində cinayət təqibi üzrə məhkəməyədək, həmçinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraatdır.
Azərbaycan Respublikasının Konstitusiyasına əsaən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.
Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4. məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək. Məhkəmə tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs üçün aşağıdakı əlavə vəzifələr müəyyən edilə bilər: 1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4. müəyyən şəxslərlə ünsiyyətdə olmamaq; 5. təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən qismən təcrid olunmasını təmin edən digər vəzifələr. Ev dustaqlığı qətimkan tədbiri Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə tətbiq edilmir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda Əmək Məcəlləsində və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər: 1. mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda; 2. mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə; 3. mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda (yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda). Əmək Məcəlləsinin 21-1.1.1–21.1.1.3-cü maddələrində nəzərdə tutulan şərtlər pozulduqda güzəştlərin və imtiyazların tətbiqi dayandırılır.
Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə İXM-nin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz.
İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın
Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.
Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-“az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu halda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir.
Bəli, İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən -On altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə – min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır
İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) görə - iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Bu maddədə “az miqdarda” dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür.
Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Baş yol – kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir).
Operativ nəqliyyat vasitələri yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınması, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.
I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Piyadalar üçün maneə yaratmamaq şərti ilə velosipedlərin yol çiyini ilə hərəkətinə icazə verilir. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80—100 metr olmalıdır. II. Velosiped və moped sürücülərinə: 1) sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla hərəkət etmək; 2) velosipedin və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya velosipedi, mopedi idarə etməyə mane olan yük aparmaq; 3) velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək (yalnız velosipedçilərə şamil edilir); 4) tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya geriyə dönmək; 5) sərnişin daşımaq; 6) nasaz velosipeddən istifadə etmək; 7) velosiped və ya mopedlə birgə istismar üçün nəzərdə tutulan qoşqunun yedəyə alınması istisna olmaqla, velosipedləri və mopedləri, eləcə də velosipedlərlə və mopedlərlə yedəyə almaq qadağandır. II-I. Velosiped zolağı qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Avtomobil yollarında eyni zamanda velosiped zolağı və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaq tətbiq oluna bilər. Bu halda velosiped zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqdan sağ tərəfdə ayrıca tətbiq olunmalıdır. III. Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped və moped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.
İnsan ləyaqəti qorunur və ona hörmət edilir. II. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. III. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
I. Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır. II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
I. Avtomobil yollarında piyada keçidləri təhsil, tibb, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Piyada zolağında hərəkətin svetoforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. II. Avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır. III. Avtomobil yollarında yerüstü və ya yeraltı keçidlər aşağıdakı hallarda tikilməlidir: 1. avtomagistrallarda - Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinin I və II hissələri nəzərə alınmaqla; 2. digər avtomobil yollarında - nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomobil/saatdan, piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda. IV. Qanunun 9-1-ci maddəsinin III hissəsinin 2-ci bəndində nəzərdə tutulan avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan digər hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, CM-nin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir.
. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. 2. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır. 3. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır. 4. Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir.
14 yaşına çatmamış habelə daha artıq yaşı olan, lakin yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan şahidin qanuni nümayəndəsi olmadıqda cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. İstintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən şahidin qanuni nümayəndəsi CPM-də nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: 1. təmsil etdiyi şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılmasını bilmək, istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək; 2. cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə təmsil etdiyi şəxsə məsləhətlər vermək, irad tutmaq və suallarla müraciət etmək; 3. vəsatət vermək; 4. cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı etiraz etmək və bu etirazın istintaq və ya digər prosessual hərəkət protokoluna qeyd edilməsini tələb etmək; 5. təmsil etdiyi şəxslə birgə iştirak etdiyi cinayət işi üzrə məhkəməyədək icraatda İstintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokolda yazılanların düzgünlüyünə və tamlığına dair qeydlər vermək, istintaq və ya digər prosessual hərəkətlərdə və ya məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək, məhkəmə iclasının protokolu və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq, protokola qeydlər vermək; 6. təmsil etdiyi şəxs üçün nümayəndə qismində vəkil dəvət etmək; 7. CPM-də nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Dələduzluq — ən ümumi mənada aldatma məqsədilə qəsdən həyata keçirilən cinayət hərəkətidir. Dələduzluq növlərinə görə fərqlənə bilər. Arxeologiya, ədəbiyyat, daşınmaz əmlak, sənəd saxtakarlığı və s. dələduzluq növləri vardır. Aldatma, özgə əmlakını əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair. Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin əməllər: 1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 2. təkrar törədildikdə; 3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını tətbiq edə bilər. Şəxsin cinayət törətməsinə bilavasitə şübhə yaranması dedikdə aşağıdakı hallar nəzərdə tutulur: - şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; - zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; - şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda.
Prokurora etiraz Cinayət-Prosessual Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri (109.1.6-cı maddədə göstəriləndən başqa) mövcud olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır: Prokurorun cinayət işi üzrə ibtidai araşdırma aparılmasında iştirakı və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməsi onun məhkəmədə dövlət ittihamını müdafiə etməsini istisna edir. Cinayət-Prosessual Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri (109.1.6-cı maddədə göstəriləndən başqa)mövcud olduqda, prokuror özü-özünə etiraz etməlidir. Prokurora etiraz məsələsini aşağıdakılar həll edirlər: 1. cinayət təqibi üzrə məhkəməyədək icraatın gedişi zamanı — yuxarı prokuror; 2. cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxılması zamanı - məhkəmə iclasında sədrlik edən; 3. məhkəmədə cinayət işinə hakimlər kollegiyası tərkibində baxılması zamanı — hakimlər kollegiyası.
Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: 1. cərimə; 2. ictimai işlər; 3. islah işləri; 4. azadlığın məhdudlaşdırılması; 5. müəyyən müddətə azadlıqdan məhrum etmə. Cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. İctimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz. Yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur. Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir.
1. Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir. 2. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır. 3. Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.
Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən yetkinlik yaşına çatmayan şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini Cinayət Məcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş istənilən daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Yetkinlik yaşına çatmayanın cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı dörddə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.
Yaşayış yeri dedikdə— bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesidir (bunlardan əlavə CPM-nin məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir).
Kassasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdirlər: 1. məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi; 2. zərər çəkmiş şəxs (xüsusi ittihamçı), onun qanuni nümayəndəsi və ya nümayəndəsi; 3. mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri. 4. Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü. 5. barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş yetkinlik yaşına çatmayan şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 6. barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi. Məhkum edilmiş təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi yalnız məhkumun mənafelərinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdirlər. Məhkumun müdafiəsi naminə verilmiş kassasiya şikayəti digər məhkumun və ya bəraət almış şəxsin vəziyyətinin pisləşdirilməsi üçün əsas ola bilməz. Bəraət almış şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi hökmdən yalnız bəraətin dəlil və əsaslarına aid hissəsindən şikayət vermək hüququna malikdirlər. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yeni məhkəmə baxışı zamanı belə kassasiya şikayəti bəraət hökmünün ləğv edilməsi və ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz. Zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi hökmdən yalnız zərər çəkmişə ziyan vurmuş şəxsə və hərəkətlərə aid hissədən şikayət vermək hüququna malikdirlər. Mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri hökmdən mülki iddiaya aid hissədən və yalnız birinci instansiya məhkəməsinə verilmiş tələblərə uyğun olaraq şikayət vermək hüququna malikdirlər. Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü yalnız tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdirlər. Barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş yetkinlik yaşına çatmayan şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi yalnız tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlimtərbiyə müəssisəsinə göndərilməsinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdir. Barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi və müdafiəçisi yalnız hüquqi şəxsin mənafeyinə aid hissədən şikayət vermək hüququna malikdirlər. Məhkumun və ya zərər çəkmiş şəxsin yaxın qohumlarının şikayəti yalnız həmin şəxslər bu Məcəllənin qaydalarına uyğun olaraq cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata müstəntiq və ya birinci instansiya məhkəməsi tərəfindən müvafiq olaraq təqsirləndirilən, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) qanuni nümayəndəsi və ya nümayəndəsi kimi buraxıldıqda kassasiya icraatının açılmasına səbəb ola bilər. Apellyasiya instansiyası məhkəməsinin icraatında iştirak etmiş dövlət ittihamçısı onun məhkəmə tərəfindən nəzərə alınmamış nəticə və təkliflərinə dair hissəsindən kassasiya protesti vermək hüququna malikdir. Göstərilən dövlət ittihamçısı vəfat etdikdə, xəbərsiz itkin düşdükdə, uzun sürən ağır xәstәliyә tutulduqda, protest verməkdən yayındıqda və ya imtina etdikdə, habelə onun mövqeyi ilə razılaşmadıqda hökmdən kassasiya protesti vermək hüququna Azərbaycan Respublikasının Baş prokuroru, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısının əvəzinə, kassasiya protesti vermək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına CPM-nin 392.2-ci maddəsinin tələblərinin ziddinə baxıldığı halda kassasiya protesti vermək hüququna Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini malikdir.
CPM-də nəzərdə tutulmuş səbəblər və əsaslar mövcud olduğu bütün hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işi başlamalıdır. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmçinin aşağıdakı hallarda dərhal cinayət işini aşkar edilmiş fakt üzrə başlamalıdır: 1. qətl əlamətlərinin izləri ilə insan meyiti aşkar edildikdə; 2. tanınmamış insan meyiti, insan bədəninin hissələri, yaxud onların basdırılma yerləri aşkar edildikdə; 3. insanların kütləvi həlak olması, yoluxması və ya zəhərlənməsi əlamətləri olduqda; 4. ictimai və ya yaşayış yerlərində, habelə dövlət müəssisə, idarə və ya təşkilatlarının binalarında güclü partlayış, yaxud yanğın baş verdikdə; 5. qanuni əsaslarla saxlama halları istisna olmaqla, odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular, radioaktiv materiallar, zəhərləyici maddələr aşkar edildikdə; 6. insanların oğurlanması və ya onların girov götürülməsi əlamətləri, habelə insanlar xəbərsiz itkin düşdüyü hallarda onların qətlə yetirilməsinə şübhələr olduqda; 7. insan qanunsuz olaraq azadlıqdan məhrum edildikdə; 8. tarix və ya mədəniyyət abidələri, habelə qəbirlər üzərində təhqiredici hərəkətlər edildikdə; 9. silahlı qiyam olduqda, hakimiyyət zorla ələ keçirildikdə və ya zorla saxlanıldıqda; 10. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə açıq çağırışlar olduqda; 11. kütləvi iğtişaş olduqda; 12. təxribat və ya terror aktı törədildikdə; 13. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının keçmiş Prezidentinin və ya onun arvadının (ərinin), Azərbaycan Respublikası Milli Məclisi deputatının, Azərbaycan Respublikası Nazirlər Kabineti üzvünün həyatına sui-qəsd edildikdə; 14. məhkəməyə hörmətsizlik edildikdə; 15. hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, vəkilin, ekspertin, habelə təhqiqat və ya ibtidai istintaq orqanının, məhkəmənin icraatında olan cinayət işi üzrə zərər çəkmiş şəxsin və ya şahidin həyatına sui-qəsd edildikdə; 16. cəza çəkən və ya həbsdə olan şəxs müvafiq olaraq azadlıqdan məhrum etmə yerindən, həbsdən, yaxud mühafizə altından qaçdıqda.
Yetkinlik yaşına çatmayan şahid iş üçün əhəmiyyətli məlumatları şifahi və ya digər formada təqdim edə bilərsə, o, yaşından asılı olmayaraq dindirilə bilər. 14 yaşınadək, müstəntiqin mülahizəsinə görə isə 16 yaşınadək olan yetkinlik yaşına çatmamış şahidin dindirilməsi müəllimin, zəruri hallarda isə həkimin və onun qanuni nümayəndəsinin iştirakı ilə aparılır. Dindirmənin başlanmasından əvvəl göstərilən şəxslərə onların dindirmədə iştirak etmək, müstəntiqin icazəsi ilə öz qeydlərini bildirmək və suallar vermək hüququ, habelə onların vəzifələri izah edilir. Müstəntiq verilmiş sualları rədd edə bilər, lakin onlar dindirmə protokolunda qeyd edilməlidir. Həmin protokola, həmçinin dindirilmiş şəxsin və dindirmədə iştirak etmiş şəxslərin bütün qeydləri daxil edilir. 16 yaşına çatmayan şahidə onun yalnız həqiqəti danışmaq vəzifəsi izah edilir, lakin o, ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmaya və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmir. Yetkinlik yaşına çatmamış şahid dindirilərkən CPM-nin 123-2.2-ci maddəsində nəzərdə tutulmuş tələblərə də riayət olunmalıdır.
Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, CPM-nin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Belə vəsatətin baxılma günü və saatı barədə vəsatəti qaldırmış şəxsə vaxtında xəbər verilməlidir. Həmin şəxsin məhkəmə iclasına gəlməməsi vəsatətə baxılmasına mane olmur. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir
İXM-nin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “İCMAL” informasiya sisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. İnzibati tənbeh vermə haqqında elektron qərarda İXM-nin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 2. inzibati cərimənin məbləği və ödənilməsi qaydası.
Maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş halda cinayət işində saxlanılır, həcmi böyük olduqda isə təşkilatlara, müəssisələrə və müvafiq şəxslərə onların razılığı ilə məsul saxlanışa verilə bilər. Cinayət təqibi üzrə icraat zamanı aşağıdakı əşyalara baxış keçirilməsindən dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7 (yeddi) gündən gec olmayaraq cinayət prosesini həyata keçirən orqan dövlət bankına təhvil verməlidir: 1. qiymətli metallar və daşlar, mirvari, onlardan hazırlanan zərgərlik əşyaları; 2. milli və ya xarici valyuta ilə nağd pullar, çeklər, sənədli qiymətli kağızlar və lotereya biletləri. İstintaq hərəkətləri zamanı götürülmüş milli və ya xarici valyuta ilə nağd pul, həmçinin sənədli qiymətli kağızlar cinayət təqibi üzrə icraatın materiallarında o halda saxlanılır ki, onların fərdi əlamətləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edir. Maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır. CPM ilə nəzərdə tutulmuş hallarda maddi sübutlar haqqında qərar cinayət təqibi üzrə icraat qurtaranadək də qəbul edilə bilər. Maddi sübut kimi cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmiş əşya üzərində hüquqa dair mübahisə mülki mühakimə icraatı qaydasında baxılmalı olduqda, bu əşya mülki iş üzrə qərar qüvvəyə minənədək saxlanılır.
Cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Şəxsin iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur.
İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 1. inzibati xəta hadisəsi olmadıqda; 2. inzibati xəta tərkibi olmadıqda; 3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 6. İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 9. İnzibati Xətalar Məcəlləsinin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 11. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir
Prokuror təhqiqat orqanlarının fəaliyyətində qanunların eyni cür və dürüst icrasını və tətbiqini təmin etmək məqsədilə aşağıdakı nəzarəti həyata keçirir: - cinayətlər və digər qanuna zidd hərəkətlər barədə təhqiqat orqanlarına daxil olmuş ərizə və məlumatların qeydə alınması, onlara baxılması və müvafiq tədbirlər göstərilməsinə dair qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl edilməsi; - təhqiqat orqanları tərəfindən Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsi və bu fəaliyyət prosesində qəbul olunan qərarların qanuniliyi. Prokuror əməliyyat-axtarış fəaliyyətinə dair qanunların tələblərinin əməliyyat-axtarış orqanları tərəfindən icrasını təmin etmək məqsədi ilə bu orqanlar tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və onların qəbul etdiyi qərarların qanuniliyi üzərində nəzarəti həyata keçirir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir. Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin predmetinə aid məsələlər "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Müstəsna hal kimi uşağın tutulmasına, həbs edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilə bilər. Uşaq tutulduqda və ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal mə lumat verilməlidir. Uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. İstənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar hallarını müşahidə etdikdə belə rəftarın qarşısının alınması üçün müvafiq orqanlara müraciət edə bilər. Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət məs uliyyətinə səbəb olur.
Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ən ənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək uşağın borcudur. Bu vəzifələrin uşaq tərəfindən dərk edilməsinə və icrasına valideynlərin, müvafiq orqanların və təhsil müəssisələrinin uşaqlar arasında izahat və təbliğat aparmaları yolu ilə nail olunur.
Hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını təmin edir, ekoloji təhlükəsizliyini tə min edən şərait yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə təchizi üçün müvafiq tədbirlər görür. Uşaqların “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq hüquqları vardır. Alkoqollu və energetik içkilərin, tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, uşaqların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.
I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir.
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
Müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir. İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçirilə bilər.
Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşağın tərbiyəsi ailədə və təhsil müəssisələrində aparılır. Dövlət uşaqların yaradıcılıq qabiliyyətinin, estetik tərbiyəsinin inkişafı üçün müxtəlif müəssisələr yaradır, habelə belə müəssisələrin yaradılmasında ictimai təşkilatlara köməklik göstərir. Zorakılıq, qəddarlıq təbliğ edən və ya erotika və pornoqrafiya mövzusunda olan, habelə uşaqların psixi və mə nəvi inkişafına zərərli tə sir göstərən filmlərin, ədəbiyyatların və digər vəsaitlərin uşaqlar arasında yayılması və nümayişi, habelə bunların hazırlanmasına uşaqların cəlb edilməsi qadağandır.
. Polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir. II. Polisin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: 1) ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi; 2) cinayətlərin və digər xətaların qarşısının alınması və açılması; 3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi.
I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. VI. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
Uşaqların zərərli informasiyadan qorunmasının əsas prinsipləri aşağıdakılardır: 1. uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması; 2. uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması; 3. zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu və energetik içkilərin, habelə tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi; [4] 4. zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması; 5. uşaqların zərərli informasiyadan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.
Azərbaycan Respublikasında gömrük işi gömrük orqanları tərəfindən yerinə yetirilir. Gömrük xidmətinin inzibati bölməsi olan və vahid sistem təşkil edən gömrük orqanları hüquq mühafizə orqanlarıdır. Gömrük orqanlarının fəaliyyəti qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq, xidmətdə nizam-intizam prinsiplərinə əsaslanır. Gömrük orqanları öz fəaliyyətlərində gömrük qanunvericiliyini rəhbər tuturlar. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna edilməklə, heç bir dövlət orqanı tərəfindən gömrük orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə qərarlar qəbul edilə, yaxud dəyişdirilə, funksiyaları yerinə yetirilə, fəaliyyətinə digər formada müdaxilə oluna bilməz.
On altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsi – iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.
Lotereyalar və idman mərc oyunları haqqında qanunvericiliyin pozulması, yəni: stimullaşdırıcı lotereyanın keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarının qəbul edilməsi barədə bildiriş aldıqdan sonra stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya təşkilatçısı tərəfindən istənilən formada təkliflərin edilməsinə; lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə- fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir. İdman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində idman mərc oyunlarının operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə – fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir. İdman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə – min manat məbləğində cərimə edilir.
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılara dair ümumi qaydalar müəyyən edir: 1) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər; 2) vergilər; 3) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri; 4) sosial təminat; 5) ətraf mühitin qorunması; 6) turizm; 7) səhiyyə, elm, mədəniyyət. II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul edir.
Azərbaycan Respublikasında notariat dedikdə Notariat haqqında Qanunla nəzərdə tutulmuş hüquqi hərəkətləri (bundan sonra notariat hərəkətləri) aparmağa müvəkkil edilmiş şəxslər birlikdə başa düşülür. Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız Notariat haqqında Qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər. Ələt azad iqtisadi zonasında notariat fəaliyyəti “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir
Notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 3) Notariat haqqında Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır.
I. Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir. II. Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya qanunları, qanunlar və qərarlar bu Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir. III. Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər. IV. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır. Dövlət dilinin tətbiqinin normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtilə aparıla bilər.
Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Cəmiyyət Mülki Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya Mülki Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər. Cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını, nizamnamə kapitalının ödənilməsini (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) və nizamnamənin hazırlanmasını əhatə edir. Cəmiyyətin yaradılması zamanı təsis yığıncağı cəmiyyətin nizamnamə kapitalı təsisçilər tərəfindən tamamilə formalaşdırıldıqdan sonra (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) keçirilir. Təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay var). Yetərsay olmadıqda yığıncaq təkrarən keçirilir. Yetərsay təkrarən keçirilən təsis yığıncağında da olmadıqda, cəmiyyətin yaradılması iclasda iştirak edən təsisçilər və ya onların nümayəndələri tərəfindən baş tutmamış hesab edilir və bu qərar bütün təsisçilərin nəzərinə yeddi gün müddətində çatdırılır. Cəmiyyətin yaradılması zamanı keçirilən təsis yığıncağı: 1. cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərini təsdiq edir; 2. cəmiyyətin yaradılması barədə qərarı qəbul edir və onun nizamnaməsini təsdiq edir; 3. Mülki Məcəllədə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş cəmiyyətin idarəetmə orqanlarını təşkil edir; 4. cəmiyyətin yaradılması və cəmiyyətin fəaliyyətinin başlanılması ilə əlaqədar Mülki Məcəlləyə, digər qanunvericilik aktlarına və təsisçilər arasında bağlanılmış müqaviləyə zidd olmayan digər məsələləri həll edir. 6. Cəmiyyətin təsis yığıncağında cəmiyyətin təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar təsisçilər tərəfindən yekdilliklə, digər məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul edilir. 7. Cəmiyyətin yaradılması ilə bağlı və onun dövlət qeydiyyatına alınmasına qədər yaranmış öhdəliklərinə görə cəmiyyətin təsisçiləri birgə məsuliyyət daşıyırlar 8. Məhdud məsuliyyətli cəmiyyətin firma adında cəmiyyətin adı, habelə "məhdud məsuliyyətli cəmiyyət" sözləri göstərilməlidir. 9. Məhdud məsuliyyətli cəmiyyətin hüquqi vəziyyəti, habelə onun iştirakçılarının hüquq və vəzifələri Mülki Məcəllə ilə müəyyənləşdirilir. 10. Məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir
Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz.
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələləri həll edir: 1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili; 2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi; 3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi; 4) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; 5) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi; 6) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad. II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarlar qəbul edir.
Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 6. Başqa şəxsə zərər vurulması. 7. Əsassız varlanma. 8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün Ailə Məcəlləsinin 167-ci maddəsində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Valideynlərin arzusu ilə doğumun qeydiyyatı təntənəli şəraitdə aparıla bilər.
Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır (emansipasiya). Valideynlər, övladlığa götürənlər və himayəçi tam fəaliyyət qabiliyyətli sayılmış yetkinlik yaşına çatmayanın öhdəlikləri üçün, o cümlədən onun ziyan vurması nəticəsində əmələ gəlmiş öhdəliklər üçün məsuliyyət daşımırlar. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.
Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.
Cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır. Cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur. Cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun. Cinayətin təşkilatçısı və cinayətə təhrikçi müvafiq dövlət hakimiyyəti orqanlarına vaxtında məlumat verməklə və ya digər tədbirlər görməklə icraçı tərəfindən cinayətin başa çatdırılmasını aradan qaldırdıqları halda, cinayət məsuliyyətinə cəlb olunmurlar. Köməkçi, bilavasitə cinayət törətməyə yönəlmiş əməllər başlananadək icraçıya qabaqcadan vəd olunmuş köməkdən imtina etmişdirsə və ya artıq göstərilmiş köməyin nəticələrini aradan qaldırmışdırsa, cinayət məsuliyyətinə cəlb olunmur. Təşkilatçı və ya təhrikçi Cinayət Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulan hərəkətləri ilə icraçı tərəfindən cinayətin törədilməsinin qarşısını ala bilmədikdə, məhkəmə cəza təyin edərkən onların hərəkətlərini yüngülləşdirici hal hesab edə bilər.
İtirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir. Əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya hüququnun artıq polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan bir illik müddət keçdikdən sonra tapıntıya mülkiyyət hüququ əldə edir. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa hüquqlara xitam verilir. Səlahiyyətli şəxs tapılmış əşyanı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın dəyərinin beş faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan şəxs səlahiyyətli şəxsdən həmin əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də tələb edə bilər. Əmlakı tapan tapıntı barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir. Əşyanı tapan şəxs mülkiyyətdən imtina edirsə, səlahiyyətli orqan bir il keçdikdən sonra əşyanı auksionda sataraq fayda götürə bilər və ya söhbət azqiymətli əşyadan gedirsə, onu pulsuz özgəninkiləşdirə bilər və ya məhv edə bilər. Əgər tapıntı heyvan və ya tez xarab olan əşyadırsa, yaxud saxlanması böyük xərc tələb edən əşyadırsa, bir illik müddət tətbiq olunmur və onların özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş məbləğ mülkiyyətçiyə qaytarılır. Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov
Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
1. Əmək Məcəlləsi, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. 2. Əmək Məcəlləsi işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirən işçilərə də şamil edilir. 3. Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir. 4. Ələt azad iqtisadi zonasında əmək münasibətləri “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
I. Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz. II. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. III. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.
Aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; aliment ödənilən uşaq övladlığa götürüldükdə; aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının elektron qaydada həyata keçirildiyi hallar istisna edilməklə, qeydiyyat kitabına yazılan hər bir qeyd ərizə verənlərə oxunmalı, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanmalı, möhürlə təsdiq edilməlidir. Qeydiyyatı elektron qaydada aparılan vətəndaşlıq vəziyyəti akt qeydləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan vəzifəli şəxs müvafiq qeydin həmin qeyd üzrə razılığı tələb olunan digər şəxslərlə razılaşdırılmasının yoxlanılmasını təmin edir. Nikahda olan valideynlərdən doğulmuş uşağın doğumunun qeydə alınması üçün valideynlərdən biri müraciət edərsə, bu halda güman edilir ki, o digərinin razılığı ilə hərəkət edir. Müraciət edən şəxs tərəfindən yalan məlumat təqdim edilməsi gələcəkdə həmin akt qeydinin ləğvi üçün əsasdır. Ərizə verən şəxslərə vətəndaşlıq vəziyyəti aktının qeydə alınması haqqında müvafiq şəhadətnamə verilir. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs, yaxud onun qanuni nümayəndəsi, etibarnamə ilə səlahiyyət verdiyi şəxs, barəsində akt qeydi tərtib edilmiş şəxs öldükdə isə yaxın qohumları müraciət etdikdə verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamələrdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında müvafiq şəhadətnamədə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin şəhadətnamənin təqdim edilməsinə bərabər tutulur.
Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) Əmək Məcəlləsinin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla), yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 5. Tikinti Məcəlləsinin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla); 7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 9. Tikinti Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla) və oranjereyaların; 11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının.
Qanunvericilik hakimiyyəti orqanı tərəfindən müvəkkil edilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatları, müvafiq icra hakimiyyəti orqanlarının icraatında olan cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri aparan təhqiqatçılar və ya müstəntiqlər, təhqiqata və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorlar, habelə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakimlər öz vəzifələrini yerinə yetirərkən, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə baş çəkə bilərlər. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin cəzaçəkmə müəssisələrində saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq, cəzaçəkmə müəssisələrinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin cəzaçəkmə müəssisələrinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır. Media subyektlərinin nümayəndələri və Cəzaların İcrası Məcəlləsində göstərilən digər şəxslərin müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə baş çəkmələri yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda və qaydada həyata keçirilə bilər. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə daxilolma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Cəzaçəkmə müəssisələrində məhkumlarla kino, foto, video çəkilişlərinin aparılması, onlardan müsahibə almaq, həmçinin audio və video texniki vasitələrindən istifadə edilməsi onların razılığına əsasən həyata keçirilir. Məhkumların təhlükəsizliyini və mühafizəsini təmin edən obyektlərin kino, foto və video çəkilişləri müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov
Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 1. sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; 2. təhlükəsizliyin təmin edilməsi; 3. ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi; 4. şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi; 5. tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması; 6. ictimaiyyətin məlumatlandırılması. Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov
İctimai işlər növündə cəzanı məhkumun yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı müvafiq inzibati-ərazi vahidi üzrə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı növbəti ay başlayanadək müvafiq icra hakimiyyəti orqanına göndərir. İcra məmuru ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxsə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısındakı iş yerlərindən birində işləmək üçün göndəriş verir. İctimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı hər hansı məlumat tələb edildikdə icra məmuru müvafiq icra hakimiyyəti orqanına bu barədə sorğu verir. Sorğuya beş gündən gec olmayaraq cavab verilməlidir. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar. icra məmuru məhkumların qeydiyyatını aparır, onlara cəzanın icrasının qayda və şərtlərini izah edir, məhkumların davranışına nəzarət edir, onların işləmiş olduğu vaxtın uçotunu aparır, ayda iki dəfədən az olmayaraq şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkməklə protokol tərtib edir, cəzanın Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün digər tədbirləri görür.
Cavab- Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxsə cəzanın icrası qaydalarını nümunəvi yerinə yetirdiyinə görə icra məmuru tərəfindən təşəkkür elan edilə, əvvəllər verilmiş tənbeh götürülə, istirahət və bayram günlərini müəyyən edilmiş ərazi hüdudlarından kənarda keçirməyə icazə verilə bilər. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxsə tətbiq edilmiş həvəsləndirmə və tənbeh tədbirləri, habelə tərbiyə xarakterli tədbirlərdə fəal iştirakı məhkumun islah edilməsi müəyyənləşdirilərkən nəzərə alınır. Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov
Məişət zorakılığının hüquqi və kliniki tərifləri mövcuddur. Hüquqi tərif - Məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərdən birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Kliniki tərif - Məişət zorakılığı yeniyetmələr, gənclər və böyüklərin öz partnyorlarına qarşı törətdikləri fiziki şiddət, cinsi zorakılıq, psixoloji basqı, iqtisadi asılılıq və ya məhrumetmə kimi aşağılayıcı və zorakı davranışların törədilməsi ardıcıllığıdır. Zorakılığın bir neçə növü var: cinsi, fiziki, mənəvi, sosial, iqtisadi, psixoloji. Məişət zorakılığının subyektləri Subyektlərə daxildir: • yaxın qohum olan ailə üzvləri; • birgə yaşadığı hallarda digər qohumlar; • nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvad; • qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslər; • üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslər; • qanuni nikahda olmadan birgə yaşayan kişi və qadın; • habelə onlarla birgə yaşayan yaxın qohumlar.
İnzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov
Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov
Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Hüquqi şəxs öz hüquqlarının məhdudlaşdırılması haqqında qərardan məhkəməyə etiraz verə bilər. Hüquqi şəxsin xüsusi icazə (lisenziya) alınması zəruri olan fəaliyyəti həyata keçirmək hüququ belə lisenziyanın alındığı andan və ya lisenziyada göstərilən vaxtda əmələ gəlir və bu hüquqa, əgər qanunvericiliklə ayrı qayda müəyyənləşdirilməyibsə, lisenziyanın müddəti qurtardıqda xitam verilir.
Cavab-Cinayət-Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən Cinayət təqibi üzrə icraat aşağıdakı hallarda dayandırıla bilər: 1. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda; 2. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadıqda; 3. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə; 4. təqsirləndirilən şəxsin ağır xəstəliyi və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadıqda; 5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqib olunan şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi və ya xarici dövlət tərəfindən verilməsi məsələsi qanunla müəyyən olunmuş qaydada qoyulduqda; 6. insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edildikdə. 7. məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar cinayət təqibi zamanı mülki-prosessual qanunvericiliyə uyğun olaraq qərarın icrası məhkəmə tərəfindən dayandırıldıqda. Cinayət təqibi üzrə icraat dayandırıldıqda cinayət işi üzrə icraat, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat da dayandırılır. Cinayət təqibi üzrə icraat aşağıdakılara riayət edilməklə dayandırıla bilər: 1. Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda böyük ictimai təhlükə törətməyən cinayətlərə dair işlər üzrə cinayət işinin başlanılmasından 1 (bir) ay, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlər üzrə cinayət işinin başlanılmasından 2 (iki) ay keçdikdə; 2. Cinayət-Prosessual Məcəlləsinin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yalnız təqsirləndirilən şəxs haqqında axtarış elan edildikdən sonra; 3. Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin axtarışının elan edilməsi ilə eyni vaxtda; 4. Cinayət-Prosessual Məcəlləsinin 53.1.4-53.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibinin dayandırılmasına əsas verən, müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi, şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasını təsdiq edən təhqiqat orqanının arayışı, şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı və ya Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair məhkəmənin qərarı olduqda. 5. Cinayət-Prosessual Məcəlləsinin 53.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda qərarın icrasının dayandırılması haqqında məhkəmənin qərarı olduqda. Cinayət təqibi üzrə iki və daha artıq təqsirləndirilən şəxs olarsa və icraatın dayandırılması əsasları onların hamısına aid deyilsə, müstəntiq, prokuror və ya məhkəmə bütün təqsirləndirilən şəxslərin iştirakı olmadan icraata obyektiv baxılması mümkün olmadıqda, icraatın bir hissəsini ayrıca icraata ayırmağa və onu dayandırmağa və ya bütün icraatı dayandırmağa haqlıdır. Cinayət təqibi üzrə icraat dayandırılanadək cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxs olmadan həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri yerinə yetirməli, müstəntiq isə bundan əlavə, cinayət törətmiş şəxsin müəyyən edilməsi və tapılması üçün bütün tədbirləri görməlidir. İcraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi üzrə icraat dayandırılmış qalır. Bu səbəblər aradan qalxdıqdan sonra prokurorun, müstəntiqin və ya məhkəmənin qərarı ilə cinayət təqibi üzrə icraat təzələnir. Cinayət təqibi üzrə icraat dayandırıldıqdan sonra ibtidai araşdırmanın hərtərəfli, tam və obyektiv aparılması üçün prosessual hərəkətlərin həyata keçirilməsi zərurəti yarandıqda, cinayət təqibi üzrə icraat təzələnir və həmin prosessual hərəkətlər başa çatdırıldıqdan sonra yenidən dayandırılır. Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir.
Xeyr. CPM-nin 237-ci maddəsinə əsasən Meyitin qəbirdən çıxarılması zərurəti olduqda müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında meyitin qəbirdən çıxarılmasına icazə alınması üçün məhkəməyə təqdimatla müraciət edilməsi haqqında əsaslandırılmış vəsatət qaldırır. Meyitin qəbirdən çıxarılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Meyit müstəntiqin, məhkəmə təbabəti sahəsində mütəxəssisin, ölmüş şəxsin yaxın qohumlarının və ya onun qanuni nümayəndələrinin (onların istəyindən asılı olaraq) iştirakı ilə qəbirdən çıxarılır. Qəbirdən çıxarıldıqdan sonra meyit göstərilən şəxslərin müşayiəti ilə digər tədqiqatların aparılması üçün müvafiq tibb idarəsinə aparıla bilər. Meyitin qəbirdən çıxarılmasında müstəntiqin göstərişi və ya icazəsi ilə foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər. Meyitin qəbirdən çıxarılması qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətinin protokolunu tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir: 1. meyitin qəbirdən çıxarıldığı vaxt, tarix və yer; 2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 3. meyitin qəbirdən çıxarılmasında iştirak etmiş məhkəmə təbabəti sahəsində mütəxəssisin vəzifəsi, soyadı, adı və atasının adı; 4. meyitin qəbirdən çıxarılmasında iştirak etmiş şəxslərin soyadı, adı və atasının adi, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifələri, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer; 5. meyitin qəbirdən çıxarılmasında ölənin yaxın qohumlarının və ya onun qanuni nümayəndələrinin iştirak etdiyi halda, onların soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, yer, habelə faktiki yaşadıqları və qeydiyyatda olduqları yer; 6. meyitin qəbirdən çıxarılmasının xüsusiyyətləri, xüsusən fotoçəkiliş və ya meyitin qəbirdən çıxarılması zamanı video və kino çəkilişdən və ya digər texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd; 7. müşahidə edilmə ardıcıllığı ilə meyitin qəbirdən çıxarılması zamanı bütün aşkar olunanlar. Meyitin qəbirdən çıxarılması haqqında protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanır. Meyitin qəbirdən çıxarılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq olaraq fotoşəkillər və ya çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur. Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov
Təhqiqatçı, müstəntiq və ya prokuror hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat aldıqda və ya cinayət hadisəsini bilavasitə aşkar etdikdə Cinayət-Prosesssual Məcəlləsi ilə müəyyən edilmiş qaydada cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, həmçinin öz səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar. Cinayətin baş verməsi təsdiq olunarsa, dövlət ittihamçısı təqsirləndirilən şəxsi məhkəmə qarşısında ifşa və ona layiqli cəza tələb etməli, zəruri hallarda isə şəxsin barəsində tibbi və ya tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini tələb etməlidir. Cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə tədbirlər görməlidir. Cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya Cinayət-Prosesssual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir.
Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Məktəbəqədər təhsil müvafiq təhsil proqramı əsasında həyata keçirilir. Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Məktəbə hazırlığın təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında, məktəbdənkənar təhsil müəssisələrində və ya ailədə həyata keçirilə bilər. Məktəbəqədər yaşlı uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq maarifləndirmə tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 3. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. 4. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz.
Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan Respublikası vətəndaşının pasportu əsasında həyata keçirilir. Pasportun verilməsi qaydası müvafiq qanunla tənzimlənir. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Ticarət gəmiçiliyi məqsədilə istifadə edilən gəmidə işləyən və ya təcrübə keçən vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ dənizçinin şəxsiyyət sənədi əsasında həyata keçirilir. Xaricdə işlədiyi ticarət gəmiçiliyi məqsədilə istifadə edilən gəmiyə çatmaq üçün fərdi qaydada ölkədən gedən vətəndaş dənizçinin şəxsiyyət sənədi ilə birlikdə həmin gəmi heyətinin tərkibində olmasını təsdiq edən sənədi (tərtib olunmuş gəmi heyətinin siyahısından çıxarış) sərhəd nəzarətindən keçərkən təqdim etməlidir. Dənizçinin şəxsiyyət sənədinin verilməsi qaydası müvafiq qanunla tənzimlənir Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası müvafiq qanunla tənzimlənir.
Daxili əmək bazarının tələbatı nəzərə alınmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına əmək miqrasiyasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məhdudiyyət qoyula bilər. Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. İş icazəsi Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində (Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər, habelə yüksəkixtisaslı miqrantın əri (arvadı) və 23 yaşına çatmamış övladları istisna olmaqla) həyata keçirilir. Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədi ilə tətbiq edilir. Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən edilir. Əmək miqrasiyası kvotasının müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İş icazəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. İş icazəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi iş icazəsinin təqdim edilməsinə bərabər tutulur.
1. Kollektiv müqavilənin və sazişin hazırlanması, bağlanması və onlarda dəyişikliklər edilməsi üçün kollektiv danışıqlar aparmaq təşəbbüsünə səlahiyyətləri daxilində həmkarlar ittifaqları təşkilatlar (birlikləri), əmək kollektivləri, işəgötürənlər, müvafiq icra hakimiyyəti və işəgötürənlərin nümayəndəli orqanları malikdirlər. 2. Danışıqlara başlamaq üçün yazılı təklif alan tərəf 10 təqvim günü ərzində danışığa başlamalı və kollektiv danışıqların aparılması təşəbbüsü ilə çıxış edən tərəfə danışıqlarda onun tərəfindən iştirak edəcək nümayəndələr barədə məlumat təqdim etməklə cavab göndərməlidir. Kollektiv danışıqların aparılması təşəbbüsü ilə çıxış edən tərəfin qeyd edilən cavab məktubunu aldığı gündən sonrakı gün kollektiv danışıqların başlanması günü sayılır. 3. Əgər müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində həmkarlar ittifaqları təşkilatı (birliyi) yoxdursa, əmək kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya yaradır. 4. Respublika və ya ərazi üzrə, habelə müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində bir neçə həmkarlar ittifaqları təşkilatı (birliyi) mövcud olarsa, kollektiv danışıqların aparılması üçün işçilərin müvafiq həmkarlar ittifaqlarına üzvlük nisbətinə uyğun nümayəndələrdən ibarət komissiya yaradılır. 5. Kollektiv müqavilənin və sazişin şərtlərinin hazırlanması məqsədi ilə kollektiv danışıqların aparılmasından boyun qaçırmağa yol verilmir. 6. İşəgötürənlərin, o cümlədən icra hakimiyyəti orqanlarını, yerli özünüidarəetmə orqanlarını, eləcə də onların yaratdığı və ya maliyyələşdirdiyi təşkilatları təmsil edən şəxslərin işçilərin adından kollektiv danışıqlar aparmasına və kollektiv müqavilələr, sazişlər bağlamasına yol verilmir. Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov
Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov
Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməədir. Terrorçu - hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və ya icraçı qismində iştirak edən və ya bu cür aktları hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən fiziki şəxsdir. Terror fəaliyyəti - terror aktlarını təşkil etmə, planlaşdırma, hazırlama və həyata keçirmə, fiziki və hüquqi şəxslər üzərində zorakılıq etmə, terror məqsədilə maddi obyektləri məhv etmə və ya zədələmə, terror aktlarının həyata keçirilməsi məqsədilə qanunsuz silahlı birləşmələr, cinayətkar qruplar yaratma, habelə belə aktlarda iştirak etmə, şəxsləri terrorçuluğa cəlb etmə, silahlandırma, onlara təlim keçmə və onlardan istifadə etmə, bilərəkdən terror təşkilatlarını və ya terror qruplarını maliyyələşdirmə və ya onlara digər yardımlar etmə ilə bağlı olan fəaliyyətdir. Beynəlxalq terror fəaliyyəti - terrorçular və ya terror təşkilatları tərəfindən bir neçə dövlətin ərazisində həyata keçirilən və ya bir neçə dövlətin maraqlarına zərər vura bilən, şəxs tərəfindən onun mənsub olduğu dövlətin və ya başqa bir dövlətin ərazisində hər hansı bir dövlətin vətəndaşına qarşı edilən, terrorçu və terrorçuluğa məruz qalan şəxslər eyni və ya müxtəlif dövlətlərin vətəndaşları olduqları halda, həmin dövlətlərin ərazisindən kənarda törədilən cinayətlə bağlı olan fəaliyyətdir. Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov