Azərbaycan Prokurorluğunun Tarix muzeyi

Azərbaycan Prokurorluğunun tarixi keçmişinin öyrənilməsi, hüquqşünaslarımızın gənc nəslinin prokurorluğun tarixinə ehtiram ruhunda tərbiyə olunması, prokurorluğun müsbət fəaliyyətinin indiki və gələcək nəsillərə çatdırılması, prokurorluq orqanlarının fəaliyyətinin ictimaiyyət arasında təbliğinin genişləndirilməsi sahəsində görülən əhəmiyyətli işlərdən biri Azərbaycan Prokurorluğunun tarix muzeyinin yaradılması olmuşdur.

Son illər ərzində Baş Prokurorluğun inzibati binasının beynəlxalq standartlar səviyyəsində əsaslı təmirinin həyata keçirilməsi nəticəsində Azərbaycan Prokurorluğu muzeyinin daha əlverişli şəraiti olan sahədə yerləşdirilməklə daha da genişləndirilməsi və müasir tələblər baxımından zənginləşdirilməsi üçün yaranmış imkanlar nəzərə alınaraq, Baş Prokurorluq üzrə 05 dekabr 2003-cü il tarixdə «Azərbaycan Prokurorluğu muzeyinin yenidən təşkil edilməsi barədə» əmr imzalanmış və bu sahədə işin təşkilinə məsul olan xüsusi işçi qrup yaradılmışdır.

Bundan sonra aparılmış məqsədyönlü tədbirlər nəticəsində yüksək tələblərə cavab verən Azərbaycan Prokurorluğunun tarix muzeyinin yenidən təşkili işi uğurla başa çatdırılmışdır.

08 dekabr 2004-cü il tarixdə Baş Prokurorluqda xalqımızın ümummilli lideri, müstəqil dövlətçiliyimizin yaradıcısı Heydər Əliyevin büstünün açılış mərasimindən sonra, Azərbaycan Prokurorluğunun yenidən təşkil olunmuş tarix muzeyi prokurorluq işçilərinin istifadəsinə verilmişdir.

Azərbaycan Respublikası Prokurorluğunun tarix muzeyi 3 zal, prokurorluq işçilərinin geyim formaları və fərqlənmə nişanlarının nümayiş olunduğu xüsusi hazırlanmış bölmə, həmçinin müasir avadanlıqlarla təchiz edilmiş iclas zalından ibarətdir.

 Muzeyin 1-ci zalı ümummilli liderimiz Heydər Əliyevin 1990-2003-cü illər ərzindəki dövlətçilik fəaliyyətinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində əldə olunmuş nailiyyətlərə həsr olunmuşdur.Həmin zalda ümummilli lider Heydər Əliyevin 1990-cı ildə döğma vətəni Naxçıvana dönməklə Muxtar Respublikanın Ali Məclisinin sədri kimi fəaliyyətinə, üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsinə, ulu öndərin 15 iyun 1993-cü il tarixdə xalqının israrlı tələbi ilə Azərbaycan Respublikasında siyasi hakimiyyətə xilasedici qayıdışından sonra Milli Məclisin sədri kimi çoxsahəli fəaliyyəti və böyük xilaskarlıq missiyasına, 1993-cü ildə Gəncə şəhərində baş vermiş və ölkəni vətəndaş müharibəsi həddinə çatdırmış hadisələrin, ölkəmizin ərazi  bütövlüyünün parçalanmasına yönəldilmiş separatçı hərəkətlərin, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında hakimiyyətin qeyri-konstitusion yolla devirməyə yönəldilmiş dövlət çevrilişləri cəhdlərinin qarşısının alınmasına, ümummilli lider Heydər Əliyevin 1993 və 1998-ci illərdə xalqın mütləq əksəriyyətinin dəstəyi ilə seçilmiş Azərbaycan Respublikasının Prezidenti kimi həyata keçirdiyi böyük quruculuq işləri və ölkə həyatının bütün sahələrində aparılan mütərəqqi islahatlara, o cümlədən müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, uğurlu neft strategiyası və «Əsrin müqaviləsi»nin imzalanması, özəlləşdirmə və torpaq islahatının həyata keçirilməsinə dair ekspozisiyalar yer almışdır.


 Zalda həmçinin ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin 15 oktyabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti seçilməsi və dövlət başçısı kimi gördüyü nəhəng quruculuq işlərinə, ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi mühüm tədbirlərə və uğurlu xarici siyasətinə aid ekspozisiyalar yerləşdirilmişdir.

Muzeyin 2-ci zalında Azərbaycan Prokurorluğunun Xalq Cümhuriyyəti və Azərbaycanın SSR İttifaqı tərkibində olduğu dövrlərdəki fəaliyyətinə dair müxtəlif sənədlər və eksponatlar yerləşdirilmişdir.
Şərqdə ilk respublikanın məhz Azərbaycanda yaradılması o dövrün mühüm siyasi hadisəsi kimi səciyyələnir. Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündən sonra başlanmışdır.



 Zalın 1-ci hissəsində olan ekspozisiyalarda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsi tərkibində prokurorluq orqanlarının fəaliyyətinin bərpa edilməsi, 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə»nin təsdiq edilməklə Bakı şəhərində Azərbaycan Məhkəmə Palatasının təsis olunması, milli prokurorluq orqanlarının həmin Palatanın tərkibində fəaliyyət göstərməsi, ilk baş prokurorlar olmuş Xəlil bəy Xasməmmədov, Fətəlixan Xoyski, Aslan bəy Səfikürdski, Fövqəladə istintaq komissiyasının sədri olmuş Ələkbər bəy Xasməmmədov və digərləri barədə məlumatlar əks olunmuşdur.
Zalın göstərilən hissəsində, həmçinin, o dövrün prokurorluq və istintaq orqanlarının təşkilinə dair məlumatlar, həmin orqanların strukturunu əks etdirən nəfis hazırlanmış sxem, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti, hökuməti və digər dövlət təsisatlarının fəaliyyətinə aid ekspozisiyalar, maraq kəsb edən sənədlər və eksponatlar nümayiş olunur.

 Zalın 2-ci hissəsi Azərbaycan Prokurorluğunun Sovet hakimiyyəti dövründəki fəaliyyətinə həsr olunmuşdur. Burada 1920-ci il aprel ayının 28-də 11-ci Qırmızı Ordu tərəfindən Azərbaycanın işğal edilməsi və Xalq Cümhuriyyətinin süquta yetirilməsi, Azərbaycanda sovet hakimiyyətinin qurulması və Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli «Xalq məhkəməsi haqqında» dekreti ilə prokurorluq və istintaq orqanlarının ləğv edilməsi barədə fotoşəkillər və sənədlər yerləşdirilmişdir.
Zalın bu hissəsində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin «Azərbaycan SSR-nin dövlət  prokurorluğu haqqında» 11 iyul 1922-ci il tarixli dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsasının qoyulması, prokurorluğun keçən əsrin 20-50-ci illərində fəaliyyəti ilə bağlı ekspozisiyalar yer almışdır.

Stalin hakimiyyəti dövrünün kütləvi siyasi repressiyaları prokurorluq orqanlarının kadrlarından da yan keçməmişdir. 1937-1938-ci illərdə Azərbaycanda «düşmən və cinayətkar ünsür kimi» 21 nəfər prokurorluq işçisi əsassız mühakimə edilmişdir. Onların arasında Respublikanın baş prokurorları B. Vəlibəyov və Ə.Talıblı, baş prokurorun müavini Ə.Babaxanov, Şamaxı rayon prokuroru Ə.Əmirov və digərləri də var idi. Lakin ağır repressiya illərində də Azərbaycanın prokurorluq orqanları əməkdaşlarının böyük əksəriyyəti öz vəzifə borclarını namusla yerinə yetirərək xalqa xidmət göstərmişlər. Repressiya qurbanlarının xatirəsinə həsr edilmiş nəfis şəkildə düzəldilmiş xüsusi guşəni seyr edənlər bir anlığa o dövrün ab-havasını hiss etməyə imkan qazanırlar.

Böyük Vətən müharibəsi illərində digər dövlət strukturları kimi, prokurorluq orqanlarının fəaliyyəti də hərbi vəziyyətə uyğun qurulmuşdu. Həmin dövrdə Azərbaycan Prokurorluğunun fəaliyyəti fərariliklə mübarizə, hərbi məhsulların tədarükü, cəbhəyə yardım və arxa cəbhənin möhkəmləndirilməsi haqqında qanunların icrasını təmin etməyə yönəlmişdi. Müharibə zamanı döyüşən orduya 233 nəfər prokurorluq işçisi, o cümlədən 70 prokuror və 163 müstəntiq səfərbər olunmuşdu.