1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

 

                                                                  “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
                                                                  Ümummilli Lider   Heydər Əliyev

 

1950-ci ildən günümüzə qədər hər il iyun ayının 1-i Dnüyada uşaqların beynəlxalq müdafiəsi günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatına üzv ölkə kimi Azərbaycanda da bu gün mahiyyətinə uyğun olaraq qeyd edilir. Bu barədə qısa tarixçə olaraq qeyd edək ki, 1 iyun 1950-ci ildə “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə əlaqədar təkilflər səslənib və qərara alınıb ki, hər il iyun ayının 1-i uşaqların beynəlxalq müdafiəsi günü kimi qeyd edilsin. Xüsusilə də, müharibə, yoxsulluq və səfalətij hökm sürdüyü ölkələrdə uşaqları qorumaq və onlara daha yaxşı yaşam şəraiti yaratmaq üçün BMT-də bu cür qərar alınıb.

Uşaq hüquqları, qanunlara və əxlaqa uyğun olaraq Dünyadakı bütün uşaqların doğuşdan sahib olduqları: təhsil, səhiyyə, yaşamaq, fiziki, psixoloji və cinsi istismara qarşı qorunmaq, müdafiə olunmaq kimi hüquqlarının hamısının vəhdətdə qəbul edilməklə başa düşülən beynəlxalq məfhumdur.

Bu gün dünyanın müxtəlif ölkələrində uşaqlar və onların hüquqları müxtəlif səviyyələrdədir. Xüsusilə, dünyanın bir çox ölkəsində davam edən müharibələr ən çox o ölkədəki uşaqların vəziyyətinə son dərəcə mənfi təsir edir. Bəhs edilən ölkələrdə uşaqların hüquqlarından nəinki söhbət gedə bilər, hətta hər saniyə həyat və sağlamlıqlarının təminatı belə sual altında qalır. Üstəlik, çətin vəziyyətdə olan ölkələr uşaqların təhsil, cinsi azadlıq, sosial hüquqlarını təmin etmək imkanından məhrumdur. Bu gün Dünyada xeyli sayda uşaq ölkələrindəki silahlı münaqişə və müharibələr ucbatından acınacaqlı mühacirət həyatı sürürlər. Dünyada ekoloji təhlükəsizlik kimi qlobal problemə bərabər digər problem də uşaqların müdafiəsi məsələsidir.

Azərbaycanda uşaq hüquqları. Bu gün Dünyada uşaq hüquqları ilə əlaqədar olaraq 20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən imzalanıb təsdiq olunan BMT Uşaq Hüquqları Konvensiyası mövcuddur. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixli və 236№-li  qanunla BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasını ratifikasiya etmişdir. 

Bundan başqa Respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş  «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunudur. Bu qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də «İnsan hüquqları haqqında» Ümumdünya Bəyannaməsi (1948), Uşaq hüquqları Bəyannaməsi (1959), BMT-nin Uşaq hüquqları Konvensiyası (1989), Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsinə (1990) uyğun şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir. 

Eyni zamanda Azərbaycan Respublikasının Ailə Məcəlləsində də uşaqlar huquqları müasir və humanist tələblərə problemsiz xitab edən şəkildə təsbit olunmuşdur. Belə ki, Ailə qanunvericiliyimizdə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ,  uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ, uşağın müdafiə hüququ, uşağın öz fikrini bildirmək hüququ, uşağın ad, ata adı və soyad daşımaq hüququ, uşağın əmlak hüquqları və.s kimi önəmli hüquqları təsbit edilməklə yanaşı müsbət formada realizə edilir.

Heydər Əliyev və uşaqlar. Müstəqil Azərbaycanda uşaqlara bütün sahələrdə göstərilən hər tərəfli qayğının təməlləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hər bir uşağın şəxsiyyət kimi formalaşdırılması demokratik dövlətin milli təhsil sisteminin də ümdə vəzifəisidr. “Məktəb həyatı təkcə təhsil vermir,  eyni zamanda bu, yüksək tərbiyə ocağıdır.”- deyən Ulu Öndər uşaq və gənclərimizin milli və ümumbəşəri dəyərlər əsasında formalaşdırılmasını, dövlətçilik ideyalarına sədaqət, vətənə, torpağa məhəbbət ruhunda tərbiyəsini daim ön plana çəkir. H.Əliyevin Azərbaycana rəhvərlik etdiyi bütün dövrlərdə xüsusilə qabiliyyətli uşaqlara qayğını önəmli bir işə çevirmiş, bu istiqamətdə möhkəm hüquqi baza yaradılmışdır. Ulu Öndərin siyasi xəttinin layiqli və uğurlu davamçısı olan prezident İlham Əliyev bu uşaqlara qayğı sahəsində də bu siyasəti son dərəcə uğurla həyata keçirir. İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin ölkəmizdə “Uşaq İli” kimi elan olunması dövlətin uşaqlara göstərdiyi diqqətin real örnəyidir. Əlbətdə ki, təkcə 2009-cu ildə deyil, o dövrdən bu günə qədər bu sahədə görülən işlər müsbət dinamika ilə inkişaf etdirilmişdir.

Hörmətli oxucular, yuxarıda da dediyimiz kimi, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu vəsilə ilə ölkəmizdə, o cümlədən Muxtar Respublikada bu istiqamətdə yürüdülən effektiv dövlət siyasətindən çox geniş danışmaq olar, lakin bu günün mahiyyətinə uyğun olaraq qısa və konkret şəkildə sizlərə hüquqi məlumat verməyi məqsədə uyğun hesab edirik.

Sonda onu da qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşları olaraq bizlərin bu sahədə üzərimizə düşən ən vacib vətəndaşlıq vəzifəsi ölkəmizdə uşaq hüquqlarına lazımi şəkildə əməl etmək və gələcəyimiz olan uşaqların dövlətə, vətənə və cəmiyyətə yararlı və parlaq nəsil kimi yetişmələrinə yüksək səylə xidmət etməkdir.

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

əməkdaşı                                       Elvin Zeynalov