20 YANVAR AZƏRBAYCANIN İSTİQLAL YOLUNUN İLK ZİRVƏSİ VƏ MÜSTƏQİLLİK TARİXİMİZİN QAN YADDAŞIDIR.

20 YANVAR AZƏRBAYCANIN İSTİQLAL YOLUNUN İLK ZİRVƏSİ VƏ MÜSTƏQİLLİK TARİXİMİZİN QAN YADDAŞIDIR.

 

ŞƏHİDLƏRİMİZİ  QÜRUR VƏ EHTİRAMLA  ANIRIQ

Qanlı Yanvar hadisələrindən 34 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cu maddəsinin 119-cü bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Bununla, SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndinin tələbləri kobudcasına pozulmuş və Azərbaycan SSR-in suveren hüquqlarına açıq-aşkar qəsd edilmişdir. Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır.

 

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını belə atəşə tuturdular.

20 Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. Həmin gün Sovet ordusunun bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər. Sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.

Xalq o müdhiş günlərdə Heydər Əliyevin yoxluğunu ən  böyük həqiqət kimi dərk etdi.  Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayən-dəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham edərək  qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli Bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.

Qanlı Yanvar hadisələrinin ilk hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi.

 

Məhz Ümummilli Liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29 –da parlament “1990-cı il yanvarın 20-də   Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar  qəbul

etdi.Beləliklədə,20 Yanvar faciəsi məhz Ulu Öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra  öz  siyasi-hüquqi qiymətini aldı.

 

Ulu Öndər Heydər Əliyev deyirdi:- “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.” Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyaraq, şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi ilə 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmışdır. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.

20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü və  müstəqillik tariximizin qan yaddaşıdır. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

 Bəli, tökülən şəhid qanları yerdə qalmadı, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi xalqımıza Qarabağ Zəfərini qazandırdı. 30 il işğal altında qalan torpaqlarımızı  44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonrakı üç il ərzində ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində suverenliyimiz tam bərpa edilib. 2023-cü ilin oktyabrın 15-də cənab Prezidentin Azərbaycanın üçrəngli bayrağını Xankəndinin mərkəzində qaldırması ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərqərar olunması ilə təsdiqlədi.

 

Naxçıvan Muxtar Respublikası Prokurorunun

Mətbuat xidməti üzrə köməkçisi,

ədliyyə müşaviri                                                                               

Səttar Əsgərov