9 Noyabr – Azərbaycanda Dövlət Bayrağı günüdür.

Hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzlərində ifadə olunur. Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur. Bayrağın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərir. Azərbaycan bayrağı üzərindəki mavi, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verir.
Bu, bir həqiqətdir ki, əsrlər boyu Azərbaycan xalqı müstəqil dövlət qurmaq, onun atributlarını qoruyub saxlamaq arzusunda olub. Lakin Azərbaycanın yerləşdiyi ərazinin geosiyasi əhəmiyyəti hər zaman böyük dövlətlərin buraya olan marağını artırıb. Ona görə də Azərbaycan uzun əsrlər boyu böyük dövlətlərin işğalına məruz qalıb, əsarət altında, məhz həmin güclərin bayraqları altında yaşamaq məcburiyyətində olub. Amma tarixinə, milli adət-ənənələrinə, zəngin mədəniyyətinə bağlılığı Azərbaycan xalqının dövlətçilik ənənələrinin məhv olmasına imkan verməyib. 

 Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.

Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayragı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur.Üçrəngli Dövlət Bayrağımız ilk dəfə Şərqdə parlamentli, demokratik Respublika kimi şöhrətlənən Azərbaycan Xalq Cümhuriyyəti zamanında qaldırılıb. 1918-ci il noyabrın 9-da Dövlət Bayrağı haqqında məsələyə qayıdan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti belə qərara gəlib ki, yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı olsun.

Elə bir adam ola bilməz ki, mənsub olduğu dövlətinin bayrağını görüb qəlbində qürur, mənliyində iftixar, heysiyyətində öyüncənlik hiss etməsin. Bəlkə də mübaliğəsiz demək olar ki, dünyada bütün zirvələrdən, yüksəkliklərdən daha çox insanlar dövlət bayraqlarının ucalığına xüsusi sevgi ilə yanaşırlar. Bu baxımdan bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir.

1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu. 1991-ci ildə xalqın tələbi ilə Ali Sovet “Dövlət bayrağı haqqında” Qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. Daha dəqiq desək, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxardı. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı və ölkəmizdə milli müstəqillik uğrunda cərəyan edən proseslərə güclü təkan verdi. Beləliklə, Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində dövlətçiliyimizin mühüm atributlarından biri olan milli bayrağımız qəbul olundu. Beləliklə, vaxtilə böyük uzaqgörənliklə Naxçıvan Muxtar Respublikasında Ulu öndər Heydər Əliyevin əzmi ilə alınan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin dövlətçilik yoluna çevrilib.

Milli dəyərlərimizin, başda Dövlət Bayrağımız olamaqla təbliği bu ildə əsas diqqət mərkəzində olmuşdur. Ulu Öndərimizin bu xüsusda dediyi aşağıdakı fikirləri qəlbimizə vətəndaşlıq sevgisi doldurur: “Mən çox ölkələrə gedirəm. Hava limanında Azərbaycan bayrağını görəndə həddindən artıq sevinirəm. Yaşadığım iqamətgahın, əyləşdiyim avtomobilin üstündə Azərbaycan bayrağını, hansı bir yerə danışığa gedəndə Azərbaycan bayrağını görürəm. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda, Vətənə, xalqa, dövlətə olan məhəbbət bərabər olsun”. Bu baxımdan dahi Liderimizin dediyi kimi: “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir…. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək … hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.

Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci ilin sentyabr ayının 27-də başlanan Vətən müharibəsinin bö­yük Zəfərlə başa çatması nəticəsində Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına 44 gün ərzində son qoyuldu. Azərbaycan xalqının, dövlətinin və ordusunun dəmir yumruğa çevrilmiş birliyi nəticəsində Ermənistanın iş­ğalçı ordusu məhv edildi.

2023-cü ilin Sentyabrın 19–20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində dünya hərb tarixində Azərbay­can Ordusu daha bir bir nadir əməliyyat həya­ta keçirdi. Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğu­na son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bu şanlı səhifəni tariximizə Azərbaycan Republikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.

 

Naxçıvan Muxtar Respublikası Prokurorunun

Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri

 Səttar Əsgərov