Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. 9 Noyabr – Azərbaycanda Dövlət Bayrağı günüdür.  

Ən uca, ən ali dəyər...

Elə bir adam ola bilməz ki, mənsub olduğu dövlətinin bayrağını görüb qəlbində qürur, mənliyində iftixar, heysiyyətində öyüncənlik hiss etməsin. Bəlkə də mübaliğəsiz demək olar ki, dünyada bütün zirvələrdən, yüksəkliklərdən daha çox insanlar dövlət bayraqlarının ucalığına xüsusi sevgi ilə yanaşırlar. Bu baxımdan bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsində  deyildiyi kimi, 

 I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

 II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1 : 2-dir.

 III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublikasının   dövlət rəmzidir. 

Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir. 

Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafı istəyini ifadə edir. 

Yaşıl rəng – islam sivilizasiyasına , islam dininə mənsubluğu ifadə edir. 

Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.

Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayragı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur.  Üçrəngli Dövlət Bayrağımız ilk dəfə Şərqdə parlamentli, demokratik Respublika kimi şöhrətlənən Azərbaycan Xalq Cümhuriyyəti zamanında qaldırılıb. 1918-ci il noyabrın 9-da Dövlət Bayrağı haqqında məsələyə qayıdan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti belə qərara gəlib ki, yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı olsun.

Dövlət bayrağımız həm də bizim milli dəyərimizdir. Elə bir dəyər ki, bizə milli qürur, mənlik, ləyaqət, güc, qüdrət verir. Bu gün dünyanın, demək olar, əsas ölkələri ilə əlaqə və münasibətdə olan, Beynəlxalq Təşkilatlarda təmsil olunan dövlətimiz öz bayrağı ilə tanınır. Birləşmiş Millətlər Təşkilatı kimi mühüm beynəlxalq təşkilatın qeyri-daimi üzvü olan, sülhməramlı tədirlərdə bütün qüvvəsilə iştirak edən dövlətimiz üçrəngli bayrağı ilə sərhədlər aşdıqca, ölkələr keçdikcə xalqımızın milli simvolu kimi yaddaşları fəth edir, əbədiləşir. Keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq yarışlarda qaldırılan Dövlət Bayrağımız həm də qələbə və zəfər üfiqlərini özündə təcəlla etdirir. Dikilən, dalğalanan hər ölkədə bayrağımız siyasi qələbəmizin təntənəsi kimi hər  birimizə  qürur verir, bütün dünya azərbaycanlılarının həmrylik, birlik rəmzi kimi çıxış edir. Milli dəyərlərimizin, başda Dövlət Bayrağımız olamaqla təbliği bu ildə əsas diqqət mərkəzində olmuşdur. Ulu Öndərimizin bu xüsusda dediyi aşağıdakı fikirləri qəlbimizə vətəndaşlıq sevgisi doldurur: “Mən çox ölkələrə gedirəm. Hava limanında Azərbaycan bayrağını görəndə həddindən artıq sevinirəm. Yaşadığım iqamətgahın, əyləşdiyim avtomobilin üstündə Azərbaycan bayrağını, hansı bir yerə danışığa gedəndə Azərbaycan bayrağını görürəm. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda, Vətənə, xalqa, dövlətə olan məhəbbət bərabər olsun”. Bu baxımdan dahi Liderimizin dediyi kimi: “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir…. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək … hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.

Təxminən 70 illik tarixdən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başlayır. Ümummilli lider Heydər Əliyevin iradəsi, zəkası və cəsarəti ilə Azərbaycan milli bayrağı yenidən dövlət müstəqilliyimizin rəmzi kimi dalğalandı. 1990-cı illərin çətin, ağır günlərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövətçilik fəaliyyəti həyata keçirilərək Naxçıvanda milli dövlətçilik ənənələrinin əsası qoyuldu. 17 noyabr 1990-cı ildə Ali Məclisin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə baxılmış, yüksək səsvermə ilə üçrəngli, ay-ulduzlu bayraq Naxçıvan Muxtar dövlətinin dövlət bayrağı kimi qaldırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 19 yanvar 1990-ci il tarixli qərarı iləsə bu bayraq rəsmi surətdə Ali Sovetin binası üzrəində ucaldılmışdır. Nəhayət ki, Azərbaycan SSR Ali Sovetinin qərarı ilə ləğv edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli ay-ulduzlu bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmiş, böyük, sürəkli alqışlarla iclas salonuna gətirilmiş və bir daha endirilmədən Ali Məclisin binası üzərində əbədi dalğalandırılmışdır. Məhz dahi, uzaqgörən dövlət xadimi Heydər Əliyevin rəhbərliyi və başçılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həyata keçirdiyi tədbirlər və aldığı qərarlar sonralar müstəqil Azərbaycanın milli dövlətçilik fəaliyyəti kimi həyata keçirilməkdə davam etdirilmiş, milli dövlət quruculuğunun əsas təməlində dayanmışdır. Bu mənada Azərbaycanda dövlət rəmzlərinin qəbul edilməsi və müəyyən taleyüklü qərarların alınmasında da vaxtilə dahi Heydər Əliyevin aldığı qərarlar və həyata keçirdiyi tədbirlər mühüm amil olmuşdur.

Beləliklə, vaxtilə böyük uzaqgörənliklə Naxçıvan Muxtar Respublikasında Ulu öndər Heydər Əliyevin əzmi ilə alınan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin dövlətçilik yoluna çevrilib. Dövlət bayrağı kimi üçrəngli, ay-ulduzlu bayrağın Azərbaycanın Dövlət Bayrağı olaraq qəbul edilməsi də Naxçıvandan başladılan yolun davamı oldu. Ölkə ictimaiyyətinin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR-in Ali Soveti Dövlət bayrağı haqqında Qanun qəbul edərkən üçrəngli bayrağa da Azərbaycan Respublikasının dövlət bayrağı statusu verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqillyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını da qəbul etdi.

 

Ən doğru yol, zirvə yolu – Heydər Əliyev yolu 

Elə bu sevgidən və vətəndaşlıq qayəsindən doğur ki, milli ideologiyamızın və milli müstəqilliyimizin banisi ulu öndər Heydər Əliyevin dövlət, bayraq və digər dövlət rəmzlərinə qayğısı həmişə ön planda olmuş, vətəndaşlıq nümunəsi təşkil etmişdir. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq möhtərəm Prezidentimiz İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalamışdır. Ulu öndərin layiqli varisi İlham Əliyevin xidmətləri sayəsində sərəncamın icrası vaxtında yerinə yetirilərək Dövlət Bayrağı Meydanının yaradılmasına nail olundu.Xalqımız hədsiz qürur hissi keçirir ki, dünyanın ən uca bayrağı hazırda məhz Bakının Dövlət Bayrağı Meydanında ucalan Azərbaycan bayrağıdır.

Dövlət Bayrağı Meydanının yaradılması Prezident İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli sərəncamı ilə həyata keçirilib. Ölkə başçısı 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur. Bu, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindəndir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada  Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək indiki üçrəngli və ayulduzlu bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı elan edib.  

Bəli, “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq...uğrunda ölən varsa, vətəndir”... Yüksəklərdə dalğalanan bayrağımız daim hər kəsin diqqətini çəkir, öz vətəndaşlarına qürur və vətəndaşlıq vüqarı bəxş edir, böyük iftixar, müstəqillik və azadlığın dərin hisslərini yaşadır.

 

Naxçıvan Muxtar Respublikası Prokurorunun

Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri

 Səttar Əsgərov