Bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı – Xocalı faciəsi

Bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı – Xocalı faciəsi

 

“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”

                                                                                  Ümummili Lider Heydər Əliyev

 

Tarixdə insanın insana qarşı vəhşilik etməsi halları dəfələrlə qeyd olunub. Soyqırımı da dünyanın bir çox yerlərində baş veribdir. Azərbaycana qarşı Ermənistan qəsbkarları, təcavüzkarları tərəfindən edilən soyqırımı bunların ən dəhşətlilərindən biridir. Uzun müddət, demək olar ki, XX əsr ərzində Azərbaycan xalqına, millətinə qarşı Ermənistan təcavüzkarları tərəfindən olunan soyqırımları xalqımıza böyük yaralar vurmuşdur. Onların arasında ən böyük, ən ağır yaralardan biri Xocalı soyqırımıdır.

1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildilər.

Xocalı mühüm geostrateji mövqeyi ilə seçilirdi. Qarabağdakı yeganə hava limanı da məhz burada yerləşirdi. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə Dağlıq Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Strateji mövqeyi ilə yanaşı, Xocalı həm də ölkəmizin zəngin tarixə malik ərazilərindən biridir.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.  Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Həmin vaxt girov götürülən şəxslərin saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir.  Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edilib, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan erməni təcavüzkarları tərəfindən mənimsənildi.  

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi bağlı keçirilən tətdbirdə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Ümummilli lider Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.

26 fevral Xocalı Soyqırımı Günü. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”— deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi.

 

Xocalı soyqırımı beynəlxalq cinayətdir. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir: belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi; hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi. Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumlara münasibətdə soyqırımı cinayətinin aşağıdakı elementlərinin mövcudluğu müəyyən edilmişdir: öldürmə və bədənə fiziki və mənəvi xəsarətə səbəb olmaqdan ibarət actus reus (əməlin obyektiv tərəfi); cinayət əməlinin sahiblərinin hədəfinə tuş gələn xüsusi mühafizə olunan qrupun mövcudluğu; və irqi, etnik, milli və ya dini əsaslarla fərqlənən qrupun tam və ya qismən məhv edilməsi üçün xüsusi soyqırımı niyyəti. İstintaq nəticəsində Xocalıda törədilmiş cinayətlərə münasibətdə cinayət təqibinin davam etdirilməsi üçün aşağıdakı əsasların mövcud olduğu müəyyən edilmişdir: qrupu tam olaraq və ya qismən məhv etməyə yönəlmiş niyyətin mövcudluğu üzrə birmənalı və əsaslı sübutlar; məhv etmə halının Xocalıda baş verməsi müəyyən edilmiş qrupa tam olaraq nəticələr yaratması üçün “kifayət” etməsi; və cinayətin xüsusi coğrafi məkanda törədilməsi.

 

Xalqımızı əmin etmək istəyirəm ki, bu qan yerdə qalmayacaq, Xocalı soyqırımında müqəssir olan hər kəs öz cinayətkar əməlinə və milli xəyanətinə görə xalq qarşısında cavab verməli olacaqdır. Bunu bizdən şəhidlərimizin narahat ruhları tələb edir.  Xocalı soyqırımının ildönmü ilə əlaqədar Ümummilli Liderin xalqa müraciəti zamanı dediyi sözlər öz təsdiqini tapdı:

 

Bəli Xocalı soyqırımı qurbanlarının qisası alındı. Ümummili Lider  Heydər Əliyevin davamçısı  Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi".Əldə olunan Qələbə Qalib Lider, Prezident İlham Əliyevin möhtəşəm 20 illik prezidentlik fəaliyyətinin hesabat yönümlü uğurlu nəticəsi, “Heydər Əliyev İli”nə möhtəşəm, dəyərli töhfə idi. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuz illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağı işğaldan azad edilən torpaqlarımızda – Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada, Xankəndində, Xocalıda və Xocavənddə dalğalanır.

Xalqımız hər il olduğu kimi bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir. Qeyd edək ki, Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib. Bu il ilk dəfə olaraq  Xocalı soyqrımının 32-ci ildönümünü Xocalıdan olan müəyyən qrup şəxslər öz torpaqlarında yad edəcək. Bu da Azərbaycanın gücündən, onun suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunmasından xəbər verir. Anım gününü Xocalıda keçirmək şəhidlərimizin ruhunun şad olması, xocalılıların həsrətinə son qoyulmasıdır. Bununla bağlı cənab Prezidentimizin rəhbərliyi ilə hələ çox işlər görüləcək. Misilsiz dövlətçilik təfəkkürünə malik İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük nailiyyətlər və qələbələr gözləyir. Biz buna inanırıq və bunun şahidi olacağıq.

 

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorunun

köməkçisi (Mətbuat xidməti üzrə) ədliyyə müşaviri

Səttar Əsgərov.