Baş prokuror Amerikaya işgüzar səfər edib

aş prokuror Amerikaya işgüzar səfər edib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-də Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçirilən “Korrupsiyanın ölçülməsinin təkmilləşdirilməsi məqsədilə məlumatların səmərəli istifadə olunması” mövzusunda İkinci Qlobal Konfransda iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində rəsmi səfərdə olub.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), BMT-nin İnkişaf Proqramı (UNDP) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əsas məqsəd korrupsiyaya qarşı mübarizə fəaliyyətinin effektivliyinin dəyərləndirilməsi üçün alternativ meyarların və yeni metodologiyanın işlənib hazırlanması və müzakirəsi olub.

30-a yaxın ölkənin nümayəndə heyətlərinin, həmçinin müxtəlif beynəlxalq və regional təşkilatların çox sayda təmsilçiləri və ekspertlərinin iştirak etdiyi tədbirin Yüksək Səviyyəli Seqmentində çıxış edən Baş prokuror qeyd edib ki, müasir dövrün əsas bəlalarından olan korrupsiyaya qarşı mübarizənin təsirliliyini təmin etmək üçün onun miqyasının müəyyən edilməsi, başqa sözlə, ölçülməsi ilkin şərtdir. Lakin bu fəaliyyət sabit, qərəzsiz və obyektiv meyarlara söykənməlidir. Bu sahədə mövcud cari indekslərin bir qismi subyektiv yanaşmalar səbəbindən, eləcə də metodoloji nöqsanlardan qaynaqlanaraq reallığı tam və düzgün əks etdirmir. Odur ki, ölkəmizin ekspertlərinin də yaxından iştirakı ilə hazırlanan yeni metodologiyanın bu boşluğu dolduracağına inanırıq.

Tədbir çərçivəsində Baş prokuror və BMT-nin Qanunun Aliliyi və Təhlükəsizlik İnstitutları Ofisinin rəhbəri Faisal Shahkar arasında ikitərəfli görüş keçirilib.

Görüş zamanı qurumlar arasında əməkdaşlığın perspektivləri, o cümlədən kadrların peşəkar hazırlığı, cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə təcrübəsinin mübadiləsi müzakirə edilib, həmçinin Azərbaycan tərəfindən irəli sürülən konkret layihələrin dəstəkləndiyi bildirilib.

Bundan əlavə, konfrans çərçivəsində Baş prokurorla Beynəlxalq Antikorrupsiya Akademiyasının cari dekanı Drago Kos arasında ikitərəfli görüş keçirilib.