Baş prokuror Düşənbəyə işgüzar səfərə gedib

Baş prokuror Düşənbəyə işgüzar səfərə gedib

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmonun dəvətilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının 5-ci iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərində işgüzar səfərədir.

Səfər çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Prezidenti cənab Emomali Raxmon tərəfindən qəbul ediliblər. Prezident iclasın işinə uğurlar arzu edərək İƏT-ə üzv dövlətlər arasında hüquq mühafizə sahəsində əməkdaşlığın önəmini, xüsusən cinayətkarlığa qarşı mübarizədə birgə səylərin regionumuzda sabitliyin və təhlükəsizliyin qorunmasında prokurorluq orqanlarının rolunu qeyd edib.

Görüşdə Baş prokuror Kamran Əliyev İƏT-ə üzv dövlətlərin baş prokurorları adından Tacikistan Prezidentinə qəbula görə təşəkkürünü bildirərək ölkəmizin Prezidenti cənab I‌lham Əliyevlə Tacikistan Prezidenti cənab Emomali Raxmonun sarsılmaz səyləri nəticəsində ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Daha sonra İƏT-ə üzv dövlətlərin baş prokurorlarının 5-ci iclası keçirilib. İclası giriş nitqi ilə açan Tacikistanın Baş prokuroru Yusuf Raxmon qonaqları salamlayaraq tədbirin əhəmiyyətini və beynəlxalq əməkdaşlığın mahiyyətini qeyd edib.

Baş prokuror Kamran Əliyev çıxışında Azərbaycan Prezidenti cənab I‌lham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə danışaraq terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda çıxıs‌ edib. Ölkəmizin terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyaya qoşulduğunu, həmçinin milli qanunvericiliyin mövcud beynəlxalq standartlara uyğunlaşdırldığını bildirib.