Baş prokuror Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Baş prokuror Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyəli plenar iclasında iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gələn Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnovun rəhbərlik etdiyi nümayəndə heyəti ilk öncə Fəxri Xiyabanda xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət ediblər.

Daha sonra Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə İqor Krasnovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Qonaqları salamlayan Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində uğurla inkişaf etdiyini qeyd edib.

Baş prokuror bildirib ki, iki ölkənin hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, cinayət törətmiş şəxslərin ekstradisiyası, korrupsiyaya qarşı mübarizə, ekoloji hüquqpozmalar, elm-tədris və təcrübə mübadiləsi və sair məsələlər üzrə qarşılıqlı razılaşmaların olması əlaqələrimizi daha da gücləndirib.