

Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədri ölkəmizə səfərə gəlib
Baş prokuror Kamran Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədri Asxat Jumağalinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
Fəxri Xiyabanı ziyarət edən qonaqlar xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Daha sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzərək, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Baş Prokurorluqda keçirilən ikitərəfli görüşdə qonaqları salamlayan Baş prokuror, tarixi, mədəni və dini ortaqlıqlar olan ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevin birgə siyasi səylərinin nəticəsi olduğunu vurğulayıb.
Kamran Əliyev dövlət başçısının siyasi iradəsi və rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl və sistemli qabaqlayıcı tədbirlər, aparılmış hüquqi və institusional islahatlar, milli antikorrupsiya qanunverciliyinin təkmilləşdirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, həmçinin qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.