Azərbaycan Respublikasının Baş Prokurorluğu:
Baş prokuror Qətərə işgüzar səfər edib
Noyabrın 26-27-si tarixlərində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci yüksək səviyyəli görüşündə iştirak üçün Qətər Dövlətinə işgüzar səfər edib.
Nümayəndə heyəti ölkəmizin Dohadakı səfirliyinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, Ulu öndərin əziz xatirəsi ehtiramla yad olunub.
İƏT üzvü olan 57 ölkənin baş prokurorları, ədliyyə, daxili işlər nazirləri, müstəqil antikorrupsiya qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının görüşünü giriş sözü ilə açan ev sahibi - Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Təşkilatının sədri Hamad Ben Nasser Al Misnad tədbirin işinin tərəf dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində birgə səylərinə verəcəyi töhfədən danışıb, gələcək fəaliyyətdə təşkilatın korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Məkkə Konvensiyasının tətbiqi mexanizmi və icra perspektivindən söz açıb.
Yüksək səviyyəli iclasda çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli prioritetlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış ardıcıl islahatlar, hüquqi və institusional tədbirlər barədə xarici həmkarlarına məlumat verib, İslam ölkələri ilə əməkdaşlığa ayrılan xüsusi diqqətin çoxsaylı nümunələrindən biri kimi Məkkə Konvensiyasının qəbul edilməsi təşəbbüsünün ilkin mərhələdən etibarən Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayıb.