Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Dekabrın 11-də Baş Prokurorluqda müstəqil və müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə Baş Prokurorluğun rəhbərliyi Ümummilli liderin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, dünya şöhrətli siyasi xadimin əziz xatirəsini ehtiramla yad edib.

Tədbirin açılışında Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb və Dövlət Himni səsləndirilib.

Tədbirdə Ulu Öndərin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında oynadığı tarixi rol, onun siyasi uzaqgörənliyi və yaratdığı möhkəm idarəçilik ənənələri geniş şəkildə diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Heydər Əliyevin dövlət quruculuğundakı misilsiz xidmətlərinin məntiqi davamı olmaqla, onun dövlətçilik irsinə dərin ehtiramın göstəricisidir.

Baş prokuror qeyd edib ki, Heydər Əliyevin həm sovet dövründə Respublikamızı böyük inkişaf yoluna çıxarması, həm 20 Yanvar faciəsi zamanı xalqın hüquqlarını cəsarətlə müdafiə etməsi, həm də 1993-cü ildə ölkəyə rəhbərliyə qayıdaraq siyasi xaosu aradan qaldırması müasir Azərbaycanın taleyində həlledici rol oynayıb.

Bildirilib ki, Ulu Öndərin rəhbərliyi ilə əldə edilən 1994-cü il atəşkəsi, “Əsrin müqaviləsi”nin imzalanması, qlobal enerji və infrastruktur layihələrinin həyata keçirilməsi, eləcə də hüquq sistemində aparılan islahatlar Azərbaycanın dayanıqlı və güclü dövlətə çevrilməsi üçün möhkəm baza yaratmışdır.

Çıxış zamanı vurğulanıb ki, Azərbaycanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasının hazırlanması və qəbul olunması Ümummilli Lider Heydər Əliyevin tarixi dövlətçilik xidmətlərinin ən mühüm mərhələlərindən biridir. Onun rəhbərliyi ilə formalaşdırılmış bu əsas qanun müstəqil dövlətçiliyimizin siyasi-hüquqi sütununu yaradaraq demokratik idarəetmə modelinin, insan hüquq və azadlıqlarının təminatının, habelə hakimiyyət qolları arasında tarazlığın hüquqi çərçivəsini müəyyən edib.