Culfa rayon prokurorluğunda insan hüquq və azadlıqlarının müdafiəsinə həsr edilmiş Seminar keçirilib

Sentyabr ayının 18-də Culfa rayon prokurorluğunda "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 5-ci maddəsində təsbit olunmuş azadlıq və toxunulmazlıq hüququ” mövzusunda seminar keçirilib. Seminarda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov qeyd edib ki, Konvensiyanın 5-ci maddənin başlıca məqsədi fərdin fiziki azadlığını qanunsuz həbslərdən qorumaqdan ibarətdir.

Azadlıq və toxunulmazlıq hüquqi demokratik cəmiyyətdə ən zəruri elementlərdən biridir. Hətta, şəxs özü könüllü olaraq həbsxanaya salınmaq üçün müraciət etsə belə, bu hüququn qorunmasının ona verdiyi imtiyazı itirə bilməz. Beləki, azadlıq və toxunulmazlıq hüququ ilə bağlı 5-ci maddə təkcə həbs anında şəxsin müdafiəsini təmin etmir, həmdə həbsdən sonra həmin şəxs azadlığa buraxılana qədər və ya məhkəmə tərəfindən azadlıqdan məhrum edilmə cəzasına məhkum edilənə qədər onun müdafiəsini müntəzəm qaydada təmin edir. 5-ci maddənin birinci cümləsindən aydın olurki, azadlıq və toxunulmazlıq hüququ bir mənalı olaraq hər kəs üçün təmin olunmalıdır. Azadlıq və toxunulmazlıq hüququ mütləq hüquq deyil, lakin bununla belə, Konvensiyanın 5-ci maddəsində prezumpsiya azadlığın xeyrinədir. 5-ci maddəyə əsasən, bütün azadlıqdan məhrum edilmə halları qanunla müəyyən olunmuş qaydada həyata keçirilməli və qanuni olmalıdır. Bu ifadələr dövlət daxili hüquqa istinad edildiyini bildirir və müvafiq dövlət daxili hüququn keyfiyyətinə də aid edilir. Beləki, həbsə icazə verən hüquq normaları qanunun aliliyinə uyğun olmalı, hər cür qanunsuzluq riskindən yaxa qurtarmaq üçün kifayət qədər çatımlı və dəqiq olmalı, onların nəticələrini öncədən görmək mümkün olmalıdır. 

Həbs dövlət daxili hüquqa və Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulmuş tələblərə zidd şəkildə həyata keçirilirsə, yaxud dövlət daxili hüquq normaları çatımlı və aydın deyilsə və onların nəticələrini öncədən görmək mümkün deyilsə, o halda istənilən həbs 5-ci maddənin tələblərinə zidd olacaqdır. Yəni, dövlət daxili hüquq normaları Konvensiyanın 5-ci maddəsindən irəli gələn tələblərə uyğun olmalıdır, əks halda Konvensiyanın sözü gedən maddəsinin pozuntusu baş verəcəkdir. Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.