

Prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir.
Prokuror İnzibati Xətalar Məcəlləsinin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və məhkəməyə şikayət verilə bilər.
İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad “Elektron prokurorluq” informasiya sistemi vasitəsilə elektron sənəd formasında tərtib olunur. Sanksiyasında inzibati cərimə növündə inzibati tənbeh tədbiri nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə qərar (qərardad) təsdiq edilməmişdən əvvəl “İCMAL” informasiya sisteminə ötürülür. “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verilmiş qərar (qərardad) “Elektron prokurorluq” informasiya sisteminə ötürüldükdən sonra müvafiq səlahiyyətli əməkdaşın gücləndirilmiş elektron imzası ilə dərhal təsdiqlənir.
İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində olan məlumatlar göstərilir. İnzibati Xətalar Məcəlləsinin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar İnzibati Xətalar Məcəlləsinin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) “Elektron prokurorluq” informasiya sistemi vasitəsilə göndərilir.