İyunun 8-də Keniya Respublikasının Prezidenti Uillyam Ruto nümayəndə heyətini qəbul edib.

Baş prokuror Keniyaya işgüzar səfərə gedib

Keniyalı həmkarı Renson İnqonqanın dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nayrobidə işgüzar səfərdədir.

İyunun 8-də Keniya Respublikasının Prezidenti Uillyam Ruto nümayəndə heyətini qəbul edib.

Kamran Əliyev göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Prezident İlham Əliyevin salamlarını Keniya Prezidentinə çatdırıb.

Prezident Ruto, öz növbəsində, dövlətimizin başçısının salamlarına görə minnətdarlığını bildirərək, öz salamlarını da Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Keniya arasında müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında dinamik inkişaf edən əlaqələrdən məmnunluq ifadə olunub.

Daha sonra Kamran Əliyev Keniyanın Dövlət Prokurorluğunun direktoru Renson İnqonqa ilə ikitərəfli görüş keçirib. Baş prokuror iki ölkə arasında əlaqələrin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında, ölkə rəhbərlərinin siyasi iradəsi və səyləri nəticəsində son illərdə uğurla inkişaf etdiyini vurğulayıb.

Görüşdə Renson İnqonqa qurumlararası tərəfdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edərək, ötən il ərzində Azərbaycana həyata keçirdiyi üç işgüzar səfəri qeyd edib.
İnqonqa, həmçinin, Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransının, eləcə də COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının iqlim dəyişiklikləri ilə mübarizədə səfərbər olunmasına həsr olunmuş plenar iclasın yüksək səviyyədə təşkil edilməsini xüsusi vurğulayaraq, Azərbaycan dövlətini və prokurorluğunu təbrik edib. Ölkəmizə səfəri çərçivəsində Ağdam rayonuna etdiyi ziyarət zamanı işğal dövründə Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin, eləcə də hazırda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin onda dərin təəssürat yaratdığını bildirib.