Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib

Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib

Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bişkek şəhərində işgüzar səfərdədir.

İyulun 25-də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin baş prokurorlarının 22-ci iclası keçirilib. Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasın işində dialoq üzrə tərəfdaş qismində iştirak edib.

Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov video müraciətində tədbir iştirakçılarını salamlayaraq, iclasın işinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Baş prokuror milli prokurorluq orqanlarının rəqəmsallaşması və bu sahədə aparılan islahatlara toxunaraq, müasir tələblərə cavab verən “Elektron prokurorluq informasiya sistemi"nin fəaliyyəti barədə məlumat verib, müasir cinayətkarlıqla mübarizədə yüksək texnologiyalardan istifadənin vacibliyini vurğulayıb.

Baş prokuror işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını, həmçinin bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğunu bildirərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarını məlumatlandırıb.

Bu ilin iyun ayında Xankəndi şəhər prokurorluğunun təntənəli açılış mərasiminin keçirildiyi barədə danışan Kamran Əliyev bu addımın işğaldan azad olunan ərazilərdə qanunçuluğun təminatına verilən önəmin göstəricisi olduğunu qeyd edib.