Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2 və 228.1-ci maddələrini əlaqəli şəkildə şərh etmişdir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 yanvar 2026-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan tərkibin əmələ gəlməsi üçün həmin maddədə sadalanan predmetlərin, o cümlədən döyüş sursatının kəmiyyətinə dair qanunvericilikdə hər hansı göstəriş mövcud olmamaqla, cinayət məsuliyyətinin yaranması döyüş sursatının sayından asılı edilməmişdir. Belə yanaşma isə döyüş sursatlarının və onların təhlükəlilik dərəcələrinin müxtəlifliyi,  istifadəyə yararlı bir ədəd döyüş sursatının belə silahla birlikdə istifadə edilərək təhlükəli nəticələr yaratmaq, insanın həyat və sağlamlığına zərər yetirmək potensialına malik olan amillərdən irəli gəlir.

Döyüş sursatının qanunsuz dövriyyəsi ilə bağlı hərəkətlərin az əhəmiyyətli hesab olunmasının mümkünlüyü ilə əlaqədar göstərilməsi zəruridir ki, yuxarıda da qeyd olunduğu kimi az əhəmiyyətlilik abstrakt şəkildə, yalnız cinayət tərkibinin quruluşuna görə deyil, törədilmiş hər bir əmələ münasibətdə onun ictimai təhlükəliliyinin qiymətləndirilməsinə təsiri olan bütün obyektiv və subyektiv amillərin məcmusuna əsasən müəyyən edilir. Bu baxımdan, döyüş sursatının yalnız kəmiyyətini əsas götürməklə onun qanunsuz dövriyyəsi ilə bağlı əməllərin az əhəmiyyətli hesab edilməsi Cinayət Məcəlləsinin 14.2 və 228.1-ci maddələrinin mahiyyətinə zidd olmaqla yanaşı, ictimai təhlükəli əmələ hüquqi qiymət verilməməsi və cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər.  

Həmin qərara əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci maddəsinin dispozisiyasında əks edilmiş “az əhəmiyyətlilik” xüsusiyyəti qiymətləndirici xarakter daşıdığından, həmin Məcəllənin 228.1-ci maddəsində göstərilən tərkib əlamətlərinin mövcud olduğu əməlin az əhəmiyyətli olub-olmaması bu Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmaqla hər bir işin faktiki hallarına əsasən hüquq tətbiqedən orqanlar tərəfindən müəyyən edilir. Bu zaman döyüş sursatının kəmiyyət göstəricisi (patronun sayı) hüquq pozuntusunun ictimai təhlükəliliyini müəyyənləşdirməyə imkan verən digər göstəricilərlə (motiv, məqsəd, əməlin törədildiyi məkan, zaman, şərait və s.) birlikdə qiymətləndirilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.