Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev Konstitusiyası müasir hüquqi dövlət quruculuğunun ən mühüm nailiyyətidir” mövzusunda tədbir keçirilib.

Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev Konstitusiyası müasir hüquqi dövlət quruculuğunun ən mühüm nailiyyətidir” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 12 Noyabr – Konstitusiya Günü münasibətilə “Heydər Əliyev Konstitusiyası müasir hüquqi dövlət quruculuğunun ən mühüm nailiyyətidir” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə müdiri Faiq Səfərov və universitetin baş müəllimi Elşən Rəcəbov çıxış ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasəti, müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbulunun tarixi əhəmiyyəti, həmin dövrdə ölkədəki mürəkkəb ictimai-siyasi vəziyyət və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verilib. Bildirilib ki, 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm mərhələ olmaqla, ölkənin hüquqi və demokratik inkişafının əsasını qoyub.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqları, demokratik dövlət quruculuğunun başlıca prinsipləri öz əksini tapıb. Konstitusiyanın milli dövlətçilik ənənələrinin qorunması, müasir hüquqi dövlətin formalaşmasındakı rolu xüsusi vurğulanıb.
Çıxışlarda həmçinin gənclərin dövlətçilik ənənələrinə sadiq ruhda yetişməsinin, hüquqi biliklərinin artırılmasının, dövlət müstəqilliyinin və milli dəyərlərin qorunmasında fəal vətəndaş mövqeyi nümayiş etdirmələrinin vacibliyi diqqətə çatdırılıb.