Naxçıvan Muxtar Respublikası prokurorluğunun əməkdaşları Batabat gölünün ətrafında təmizlik aksiyası keçiriblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə ilə əlaqədar keçirilən kompleks tədbirlərin davamı olaraq, iyunun 8-də Naxçıvan Muxtar Respublikası Prokurorunun təşkilatçılığı ilə Şahbuz rayonunda yerləşən Batabat gölü ətrafında təmizlik aksiyası keçirilib.
“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” şüarı altında keçirilən aksiyanın əsas məqsədi ətraf mühitin sağlamlaşdırılması, təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənmənin qarşısını almaq və bütün gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən ərazi plastik və digər məişət tullantılarından təmizlənib, toplanaraq tullantılar aidiyyəti üzrə təhvil verilib.