Naxçıvanda prokurorluq orqanlarının yaranmasının 105-ci ildönümü qeyd olunub

Naxçıvanda prokurorluq orqanlarının yaranmasının 105-ci ildönümü qeyd olunub Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları prokurorluq orqanlarının yaranmasının 105-ci ildönümünü qeyd ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda davam edən tədbirdə öncə prokurorluğun inzibati binasının foyesində Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar yaradılan guşə ilə tanışlıq olub, görkəmli dövlət xadiminin büstü önünə gül dəstələri düzülüb.

Qeyd olunub ki, guşədə Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə birinci, ikinci rəhbərliyi dövründə etdiyi xarici səfərləri, o cümlədən Prezident cənab İlham Əliyevin Silahlı Qüvvələrin, prokurorluq orqanlarının əməkdaşları ilə keçirdikləri görüşləri əks etdirən fotolar yer alıb.

Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri Sənan Paşayev çıxışında əməkdaşları təbrik edib, onlara qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi işində uğurlar arzulayıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən hər il oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına böyük qayğının ifadəsi olmaqla yanaşı, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən qiymət kimi əhəmiyyətlidir. Azərbaycanda prokurorluq orqanlarının əsasının 1918-ci il oktyabrın 1-də qoyulmasına baxmayaraq, onun dövlət orqanı kimi formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamızda qanunun aliliyi təmin olunub, vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi mühüm prinsip kimi elan edilib. Bu tədbirlərin tərkib hissəsi kimi 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaradıb.

Bildirilib ki, Ulu Öndərin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olub.

Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsi baxımından 1999-cu il 7 dekabr tarixdə qəbul olunmuş “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu müstəsna əhəmiyyət daşıyır. Bu Qanun prokurorluğun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması baxımından hüquqi zəmin formalaşdırıb. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin və digər normativ-hüquqi aktların təsdiq edilməsi isə prokurorluq orqanlarının fəaliyyətində hüquqi tənzimlənmə prosesini yeni mərhələyə yüksəldib.

Vurğulanıb ki, bu gün ölkəmizdə həyata keçirilən ardıcıl məhkəmə-hüquq islahatları hüquq sisteminin demokratik standartlara cavab verən səviyyədə formalaşmasına, insan hüquq və azadlıqlarının daha mötəbər formada qorunmasına, o cümlədən prokurorluq orqanlarının tam yeniləşərək müasir məzmunlu sivil bir orqana çevrilməsinə zəmin yaradıb.

Ulu Öndərimizin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Bu sahədə görülən işlərin bir mərhələsi olaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun müasir tələblərə cavab verən yeni strukturu təsdiq edilib və bundan sonra baş prokuror Kamran Əliyev tərəfindən Azərbaycan Prokurorluğunun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Prokurorluğunun da yeni strukturu formalaşdırılıb.

Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları həmişə öz üzərində yüksək dövlət qayğısını hiss edib, ötən dövrdə muxtar respublika prokurorluğunun, eləcə də rayon, şəhər prokurorluqlarının normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb. Əməkdaşlar yaradılan əlverişli şəraitdən səmərəli istifadə edərək insanların hüquq və azadlıqlarını qorumaqla, daxil olan müraciətlərə obyektiv və operativ şəkildə baxıb qanuni və əsaslı qərarlar qəbul etməklə, baş vermiş cinayət hadisələrinin vaxtında qeydə alınmasını, qanunlara riayət edilməsini təmin etməklə, möhtərəm Prezident tərəfindən həyata keçirilən davamlı inkişafa, məqsədyönlü və uğurlu islahatlara öz töhfəsini verməyə çalışırlar.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi Faiq Səfərov, Kəngərli rayon prokuroru Talıb Məmmədov və Sədərək rayon prokuroru Valid Mustafayev çıxış edərək prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan söhbət açıb, həmkarlarına bayram təbriklərini çatdırıblar.

Yüksək dövlət qayğısını daim öz üzərlərində hiss edən prokurorluq orqanlarının əməkdaşlarının bundan sonra da qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsində səylə çalışacaqlarını diqqətə çatdıran Naxçıvan Muxtar Respublikasının prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri Sənan Paşayev əməkdaşları bir daha peşə bayramı münasibətilə təbrik edib, bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.