

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar
Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlətimizin başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat verdilər. Bildirildi ki, burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub.
Sonra Ali Baş Komandan yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəldi. “Akıncı” hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirib.