

Prokurorluq əməkdaşları və media qurumlarına mükafatlar təqdim olunub
Fevralın 19-da Baş Prokurorluqda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həvəsləndirilmiş, habelə “İlin ən yaxşı müstəntiqi”, “İlin ən yaxşı dövlət ittihamçısı” və “İlin ən yaxşı prokuroru” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinə, eləcə də “Prokurorluğun dostu” mükafatına layiq görülmüş media nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.
Əvvəlcə I Qarabağ, 44 günlük Vətən müharibələri və Qarabağ iqtisadi rayonunda keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin, həlak olmuş vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev tərəfindən geridə qalan 2024-cü ildə ölkəmiz üçün uğurlu olmaqla yanaşı, çoxsaylı əlamətdar hadisələrlə yadda qalması qeyd edilib, 2024-cü ilin əvvəllərində ölkə başçısı cənab İlham Əliyevin növbədənkənar prezident seçkilərində mütləq səs çoxluğu ilə qalib gəlməsi, o cümlədən xilaskarlıqdan qalibiyyətə yüksələn zəfər salnaməsinin memarı, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətli hərtərəfli inkişafının davam etməsi, ölkəmizin regional və beynəlxalq nüfuzunun daha da artması xüsusi vurğulanıb.
Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi və onun ən yaxın silahdaşı, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri uğurla davam etdirilməklə, Ağdam, Xocalı, Əsgəran rayonlarında və Xankəndi şəhərində ölkə rəhbəri tərəfindən kəndlərin və qəsəbələrin təməli qoyulmaqla, eyni zamanda çoxsaylı ictimai, iaşə, yaşayış, kommunikasiya obyektlərinin açılışları olub.