Prokurorluq orqanları dövlətçilik maraqlarına, insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən hər il oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına böyük qayğının ifadəsi olmaqla yanaşı, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən qiymət kimi əhəmiyyətlidir.

Azərbaycanda prokurorluq orqanlarının əsasının 1918-ci il oktyabrın 1-də qoyulmasına baxmayaraq, onun dövlət orqanı kimi formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamızda qanunun aliliyi təmin olunmuş, vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi mühüm prinsip kimi elan edilmişdir. Bu tədbirlərin tərkib hissəsi kimi 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır.

Ulu Öndərimiz deyirdi ki: “Mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”. Böyük dövlət xadiminin rəhbərliyi altında prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. 

“Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiq xidmət edir”, – deyən Ulu Öndərin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsi baxımından 1999-cu il 7 dekabr tarixdə qəbul olunmuş “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu müstəsna əhəmiyyət daşıyır. Bu Qanun prokurorluğun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması baxımından hüquqi zəmin formalaşdırmışdır. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin və digər normativ-hüquqi aktların təsdiq edilməsi isə prokurorluq orqanlarının fəaliyyətində hüquqi tənzimlənmə prosesini yeni mərhələyə yüksəltmişdir. 

Ulu Öndər Heydər Əliyevin prokurorluq işçilərinə ünvanlanmış dəyərli tövsiyələri və prokurorluq peşəsinə verdiyi qiymət hər bir əməkdaşın xalqına və dövlətinə sədaqət hissini gücləndirməklə böyük ruh yüksəkliyi yaratmışdır. Ümummilli Liderin “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız” ifadələrini prokurorluq işçiləri öz fəaliyyətlərində əsas istiqamət kimi götürürlər. 

Bu gün ölkəmizdə həyata keçirilən ardıcıl məhkəmə-hüquq islahatları hüquq sisteminin demokratik standartlara cavab verən səviyyədə formalaşmasına, insan hüquq və azadlıqlarının daha mötəbər formada qorunmasına, o cümlədən prokurorluq orqanlarının tam yeniləşərək müasir məzmunlu sivil bir orqana çevrilməsinə zəmin yaratmışdır. Ulu Öndərimizin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Dövlət başçısı prokurorluq orqanlarının inkişafını həm də peşəkar prokurorluq əməkdaşlarının hazırlanmasından asılı olduğunu bildirərək demişdir: “Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır”. 

Günümüzün prokurorluq orqanları qarşımızda duran mühüm vəzifələrin əhəmiyyətini anlayaraq “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş əsas fəaliyyət istiqamətləri üzrə səmərəliliyə və operativliyə nail olunmasını, müasir və mütərəqqi standartların tələblərinə əməl edilməklə şəffaflığın ən yüksək səviyyədə təminini diqqət mərkəzində saxlamaqla işin keyfiyyətcə yeni mərhələyə qalxmasını və daha çevik yerinə yetirilməsini əsas tələblər kimi müəyyənləşdirmişdir.

Prokurorluq orqanlarının ölkənin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədilə fəaliyyətinin çağdaş dövrün ictimai münasibətlərinə uyğun təkmilləşdirilməsi məqsədinə xidmət edən “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” bu sahədə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl və mərhələli tədbirləri müəyyən etmişdir.

“Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planı” Prokurorluq orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi sahəsində tədbirləri zəruri etmişdir.

Prokurorluq orqanlarının fəaliyyətində mühüm yer tutan sahələrdən biri də müraciətlərə baxılması və vətəndaşların qəbulu işidir. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosialyönümlü dövlət siyasətinə uyğun olaraq prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət və qayğı göstərilməklə, daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq bu sahədə qanunvericiliyin tələblərinə tam və dəqiq əməl edilməklə həyata keçirilir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət və müasir dövrün reallıqlarına uyğun islahatlar ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına, cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə, dövlət idarəçilik mexanizminin təkmilləşdirilməsinə xidmət edib. Dövlət başçısının birbaşa diqqət və qayğısı nəticəsində ölkəmizdə digər qurum və sahələrlə yanaşı, Azərbaycan Prokurorluğu orqanlarında da idarəçiliyin təkmilləşdirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində operativliyin təmin edilməsi istiqamətində nəzərəçarpacaq dəyişikliklər müşahidə edilməkdədir. 

Məhz bu sahədə görülən işlərin bir mərhələsi olaraq Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun müasir tələblərə cavab verən yeni strukturu təsdiq edilib və bundan sonra baş prokuroru Kamran Əliyev tərəfindən Azərbaycan Prokurorluğunun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Prokurorluğunun da yeni strukturu formalaşdırılıb.

Bu gün ölkəmizin digər bölgələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası da ölkə başçısı cənab İlham Əliyevin hərtərəfli inkişaf strategiyası ilə əhatə olunub və insanların hüquqlarının qorunması, sosial rifahının yüksəldilməsi istiqamətində əməli addımlar atılmaqdadır. Naxçıvan Muxtar Respublikası Prokurorluğu da muxtar respublikada insanların hüquq və azadlıqlarını qorumaqla, daxil olan müraciətlərə obyektiv və operativ şəkildə baxıb qanuni və əsaslı qərarlar qəbul etməklə, baş vermiş cinayət hadisələrinin vaxtında qeydə alınmasını, qanunlara riayət edilməsini təmin etməklə, möhtərəm Prezident tərəfindən həyata keçirilən davamlı inkişafa, məqsədyönlü və uğurlu islahatlara öz töhfəsini verməlidir. Bunun üçün muxtar respublika prokurorluğu orqanlarının əməkdaşları vətəndaşların müraciətlərinə baxılması, cinayət xarakterli müraciətlərin araşdırılması, törədilmiş hər bir əmələ obyektiv hüquqi qiymətin verilməsi, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarətin gücləndirilməsi istiqamətində öz fəaliyyətlərini daha da təkmilləşdirir və bu sahədə Azərbaycan Respublikasının qanunlarını, aidiyyəti digər normativ aktların tələblərini, Azərbaycan Respublikası Baş prokurorunun əmr, göstəriş və tapşırıqlarını rəhbər tuturlar.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun fəaliyyəti Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları, eləcə də digər qanunvericilik aktları ilə tənzimlənir. Muxtar respublika prokurorluğunun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri isə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit edilmişdir. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli Konstitusiya Qanununa əsasən Naxçıvan Muxtar Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilərək Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında kadrlarla aparılan işin daha da təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, istintaq və təhqiqat, eləcə də cinayət,­ mühakimə icraatı zamanı dövlət ittihamının müdafiəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğuna mühüm səlahiyyətlər verilmişdir.

Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları da həmişə öz üzərində yüksək dövlət qayğısını hiss etmiş, ötən dövrdə muxtar respublika prokurorluğunun, eləcə də rayon, şəhər prokurorluqlarının normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmışdır. Muxtar respublikanın sosial-iqtisadi və demokratik inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün yeni mərhələnin başlanğıcını qoymuşdur. Həmçinin prokurorluq orqanlarına işə qəbulun müsabiqə yolu ilə keçirilməsi kadr tərkibinin savadlı hüquqşünaslar hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmışdır.

Yüksək dövlət qayğısını daim öz üzərlərində hiss edən prokurorluq orqanlarının əməkdaşları bundan sonra da qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsində səylə çalışacaqlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də dediyi kimi: “Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olacaq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir”.(https://nuhcixan.az/news/cemiyyet/92673-prokurorluq-orqanlari-dovletcilik-maraqlarina-insan-huquq-ve-azadliqlarinin-mudafiesine-xidmet-edir)

 

Sənan PAŞAYEV
Naxçıvan Muxtar Respublikasının 
prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri