Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama

Fiziki şəxsin şəxsi axtarışı, onda olan əşyaları yoxlama inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin aşkar edilməsi məqsədi ilə həyata keçirilir.

Şəxsi axtarış şəxs inzibati qaydada tutulduqda, barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, yaxud inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin şəxsin üzərində və ya bədənində gizlədilməsini güman etməyə kifayət qədər əsaslar olduqda aparılır. Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli vəzifəli şəxs tərəfindən, İnzibati Xətalar Məcəlləsinin 92.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçirilir.

92.2-1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin şəxsin bədənində gizlədilməsini güman etməyə kifayət qədər əsaslar olduqda şəxsi axtarış şəxsin soyundurulması ilə həyata keçirilə bilər. Bu halda videoçəkilişdən istifadəyə yol verilmir və barəsində şəxsi axtarış aparılan şəxsin bədən üzvləri eyni cinsdən olan tibb işçisi tərəfindən, təcrid olunmuş yerdə yoxlanılır. Tibb işçisi onun iştirakı ilə həyata keçirilən bu prosessual hərəkətin məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edir və olduğu halda öz qeydlərini protokola daxil edir. Həmin şəxs İXM-nin 67-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilər.

Əşyaların (əl yükü, baqaj, ov və balıq ovu alətləri, əldə edilmiş məhsul və sair) yoxlanılması fasiləsiz videoçəkiliş aparılmaqla həmin əşyaların mülkiyyətçilərinin və ya sahiblərinin iştirakı ilə həyata keçirilir.Təxirə salınmayan hallarda mülkiyyətçisi və ya sahibi olmadan göstərilən əşyalar fasiləsiz videoçəkiliş aparılmaqla yoxlanıla bilər. Feldyeger rabitəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən çatdırılan korrespondensiyalar və digər göndərişlər açıla və ya yoxlanıla bilməz.

Şəxsi axtarış və əşyaları yoxlama haqqında protokol tərtib olunur.

Şəxsi axtarış və əşyaları yoxlama haqqında protokolda aşağıdakılar göstərilir:

1. protokolun tərtib edildiyi tarix və yer;

2.protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı;

3. barəsində şəxsi axtarış aparılan şəxs haqqında məlumat;

4. şəxsi axtarış zamanı aşkar edilən əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri haqqında məlumat.

5. Şəxsi axtarış (İXM-nin 92.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) və əşyaları yoxlama haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə olunur.

Protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya axtarış aparılan əşyaların sahibi və İXM-nin 92.2-1-ci maddəsində nəzərdə tutulmuş halda həmin prosessual hərəkətdə iştirak edən tibb işçisi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya axtarış aparılan əşyaların sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur.

Protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və axtarış aparılan əşyaların sahibinə verilir.