Sübutların anlayışı, növləri və mümkünlüyü

Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur.

Bu sübutlar:

Cinayət-Prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (cinayət-prosessual  qanunvericiliyində nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı;

hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir.

Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur:

şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri;

ekspertin rəyi;

maddi sübutlar;

istintaq və məhkəmə hərəkətlərinin protokolları;

digər sənədlər.

Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.

Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir:

İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda;

zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə;

şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə;

cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə;

cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə;

cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə;

istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda;

sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda;

məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda;

müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda.

 Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.