Tədbir

1  oktyabr - Azərbaycan Respublikası prokurorluğunun yaranmasının 105-ci il dönümüdür 

 

Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma, eyni

                                                     zamanda, çox şərəfli, hörmətli peşədir.

                                       Heydər Əliyev Ümummilli lider.

Bu gün öz müasir tarixinin əlamətdar günlərindən birini yaşayan Azərbaycan Respublikası Prokurorluğunun kollektivi milli prokurorluq orqanlarının  yaradılmasının 105 - ci il dönümünü qeyd edir.

Azərbaycan Prokurorluğu  105 illik  inkişaf tarixi ərzində çətin, lakin çətin olduğu qədər də şərəfli bir yolu keçməklə, bu gün öz doğma xalqının və müstəqil dövlətinin hərtərəfli dəstəyinə arxalanan, milli ənənələrə və mütərəqqi dünya standartlarına uyğun şəkildə daim təkmilləşməklə sivil və dünyəvi bir quruma çevrilən, dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirməklə fəal vətəndaşlıq mövqeyində dayanan mübariz kollektivini formalaşdıran mühüm bir təsisat kimi dövlətçiliyimizin  maraqlarının və qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində öz xidmətlərini göstərir.

Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Memarı müstəqil dövlətçiliyimizin yaradıcısı Heydər Əliyev olan Ali Qanunumuzda, ilk dəfə olaraq, ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiq olduğu yer müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. Əsas Qanunda Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu inkişaf yolu seçməsinin təsbit edilməsi, hakimiyyətin bölünməsi prinsipinin öz əksini tapması və bu müddəaların həyata keçirilməsi yolunda ümummilli lider Heydər Əliyevin cəsarətli, reallığa uyğun yüksəlişi şərtləndirən addımları qısa müddət ərzində ölkəmizi dünyanın sivil dövlətləri sırasına çıxartdı.

Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq haqqında”, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununun, «Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında», «Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında», «Prokurorluğun rəsmi emblemi haqqında» və digər qanunvericilik aktlarının qəbul edilməsi, «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni bir mərhələyə yüksəlmişdir.

Prokurorluğun peşə bayramının təsis edilməsi də məhz ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində mümkün olmuşdur. Belə ki, bir əsrə yaxın müddət ərzində dövlətin ən etibarlı dayağı kimi fəaliyyət göstərsə də, digər sahələrdən fərqli olaraq, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə heç bir təşəbbüs göstərilməmişdi. Ümummilli lider Xalq Cümhuriyyəti dövründə Bakı dairə məhkəməsinin tərkibində prokurorluğun fəaliyyətə başlaması haqqında Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarını əsas götürərək 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsini reallaşdırmış və bununla da prokurorluğa dövlət qayğısını rəsmi qaydada bir daha təzahür etdirmişdir.

Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları Prokurorluğun yaranmasının il dönümünü qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamışdır.

Məhkəmə orqanlarından fərqli olaraq, bir çox dövlətlərdə prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranmışdır. Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransada kral IV Filip tərəfindən qoyulmuşdur. Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə (1918-1920) təsadüf edir.

AXC-nin süqutundan sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv olundu. Sovetləşmənin ilk illərində bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması zəruriliyini nəzərə alaraq Azərbaycan SSR MİK-in 11 iyul 1922-ci il tarixli "Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında" Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu. 1936-cı ilin iyulunda Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə ayrıca qurum kimi fəaliyyətə başlamışdır. Kommunist partiyasının mütləq hakim olduğu Sovet hakimiyyəti dövründə prokurorluq bu rejimə və partiya liderlərinə xidmət edən bir orqan olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yoluna qədəm qoymuşdur.

Prokurorluğun fəaliyyətinin, həmçinin dövlətçiliyə və xalqa olan sədaqətinin dövlət tərəfindən daim yüksək dəyərləndirilməsi hər bir prokurorluq işçisini qürurlandırmaqla bərabər, üzərimizə daha böyük məsuliyyət qoyur.

 

Naxçıvan Muxtar Respublikası Prokurorunun

Mətbuat xidməti üzrə köməkçisi

Səttar Əsgərov.