

Türkiyənin Baş prokuroru Bakıdadır
Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Kamran Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdədir.
Bu gün Muhsin Şəntürk Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də məzarını ziyarət edib.
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar. Həmçinin, Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi, eləcə də Zəfər parkında yerləşən Zəfər abidəsini ziyarət edilib.
Baş prokuror Kamran Əliyevlə türkiyəli həmkarı arasında baş tutan görüş zamanı iki dövlət arasında qardaşlıq və əməkdaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın dinamik inkişaf etdiyi vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlərin əsasında dayanan və Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülmüş “bir millət, iki dövlət” konsepsiyası hazırda dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan sıx dostluq münasibətləri və siyasi iradə sayəsində daha da genişlənərək bütün sahələrdə, o cümlədən prokurorluq və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq hər iki dövlətin hüquqi sistemlərinin inkişafına, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə və beynəlxalq hüquqi əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərir.
Görüşdə Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması, müasir idarəetmə mexanizmlərinin tətbiqi və institusional inkişaf istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.